Türkiyənin İstanbul şəhərində Akademik Perspektiv Assosiasiyası tərəfindən təşkil edilən 4-cü Beynəlxalq Tənqidi Analitik Düşüncə Simpoziumu (ISCAT 2025) 18-19 oktyabr tarixlərində onlayn olaraq baş tutub. “Birgəyaşayış Mədəniyyəti və Ümumdünya Sülh” mövzusunda keçirilən simpoziumda iki gün ərzində dünyanın müxtəlif ölkələrindən akademiklər və tədqiqatçılar bir araya gəliblər.
Həmin beynəlxalq onlayn konfransda iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk xalqlarında milli mədəniyyətlə coxmədəniyyətliliyin tarixi-fəlsəfi və sosioloji yönləri” mövzusunda məruzə edib. O bildirib ki, hər daim özünəməxsusluğu ilə seçilən Türk xalqlarının mədəniyyətində ədalətlilik, sülhpərvərlik, insanlıq, humanizm, tolerantlıq və bu kimi prinsiplər ön planda olub. Başqa sözlə, birgəyaşayış ideyasının fəlsəfi, etik, mədəni və sosial ölçüləri Türk mədəniyyətinin nüvəsinu təşkil edir ki, bunun təməlində sülhün intellektual əsaslarnı formalaşdırılması mümkündür.
