AZ

Zelenski: Budapeşt sülh görüşü üçün ən uyğun yer deyil...

Ukrayna lideri Orbanı Kiyevə qarşı hər yerdə maneələr yaratmaqda ittiham edib...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Macarıstan paytaxtı Budapeştin sülh danışıqları üçün ən münasib məkan olmadığını bildirib. O, bu fikri Avropa mətbuatına açıqlamasında səsləndirərək, Macarıstanın baş naziri Viktor Orbanın “Ukraynaya qarşı bütün beynəlxalq platformalarda maneələr yaratdığını” deyib.

“Budapeşt sülh üçün görüş yeri ola bilməz, çünki Viktor Orban hər yerdə Ukraynanı bloklayır”, deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, Orbanın mövqeyi Avropa İttifaqı çərçivəsində Kiyevin maraqlarına ciddi zərbə vurur və bu, Ukrayna xalqının ədalətli sülhə ümidini zəiflədir.

Zelenski əlavə edib ki, Ukrayna açıq dialoqa və beynəlxalq vasitəçilərlə əməkdaşlığa hazırdır, lakin “sülh danışıqları üçün neytral və Ukraynaya düşmən münasibəti olmayan bir ölkə” seçilməlidir. Prezident bildirib ki, Kiyev sülh prosesinin real nəticələr verməsini istəyir, simvolik tədbirlərlə vaxt itirmək niyyətində deyil.

Qeyd edək ki, Viktor Orban son aylarda Avropa İttifaqında Ukrayna ilə bağlı bir sıra qərarların qəbulunu əngəlləyib, o cümlədən Kiyevə maliyyə yardımı və silah dəstəyi məsələlərində vetodan istifadə edib. Macarıstan hökuməti isə bu addımlarını “öz milli maraqlarının qorunması” ilə əsaslandırır.

Poliqon.info

Seçilən
114
poliqon.info

1Mənbələr