Suriya terrorçulardan və İsraildən müdafiə üçün Türkiyədən silah, o cümlədən çoxlaylı hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Suriyanın müvəqqəti hakimiyyət orqanları Ankaraya hava hücumundan müdafiə sistemləri, zirehli texnika, pilotsuz uçuş aparatları və modernləşdirilmiş artilleriya sistemlərinin satışına dair müraciət ünvanlayıb.
Mənbəyə görə, söhbət hərbi yardım deyil, rəsmi silah satışından gedir. Məqsəd ölkənin şimalında çoxlaylı hava hücumundan müdafiə sisteminin qurulmasıdır.
Qəzet bildirir ki, Türkiyə ilə Suriya arasında belə bir razılaşmanın maliyyələşdirilməsi Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzv ölkələri tərəfindən yaradılan xüsusi fond vasitəsilə təmin oluna bilər. Həmin fond Suriyanın yenidən qurulması və müdafiə sənayesinə investisiyaların dəstəklənməsi məqsədi daşıyır.
Məlumata görə, ötən həftə Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Görgün Dəməşqə səfər edib və bu məsələlər birbaşa müzakirə olunub.
Qeyd edək ki, iyul ayında Suriya Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti İstanbulda keçirilən IDEF 2025 müdafiə sənayesi sərgisində iştirak edib və Türkiyə Hərbi Dəniz Akademiyasında keçirilən brifinqdə hava hücumundan müdafiə arxitekturası ilə tanış olub.