AZ

Dövlət Baxçalıdan Şimali Kipr çağırışı: Regionda yeni siyasi reallıqlar yaranacaq? – ŞƏRH

MHP lideri Dövlət Baxçalı­nın “Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyənin tərkibinə daxil olması” çağırışı regionda mühüm geosiyasi rezonans doğura biləcək bəyanatlardan biridir. Bu çıxış həm Türkiyənin milli maraqları, həm də Şərqi Aralıq dənizi geosiyasəti baxımından strateji mesaj xarakteri daşıyır.

Politoloq Elman Telmanoğlu NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Baxçalının bəyanatı Ankaranın Kipr məsələsində mövqeyinin sərtləşdiyi və status-kvonun dəyişməsi ehtimalının artdığı anlamına gəlir.

“Bu çağırış Türkiyənin ‘iki dövlətli həll’ prinsipinə sadiqliyini bir daha göstərir və eyni zamanda Şimali Kiprin Türkiyə ilə tam inteqrasiyasını gündəmə gətirir. Daxili siyasətdə isə milliyyətçi elektoratın konsolidasiyasına xidmət edir və artan geosiyasi təzyiqlərə qarşı ‘milli birləşmə’ mesajı verir.”

Politoloq qeyd edib ki, belə bir addım beynəlxalq müstəvidə də ciddi reaksiyalara səbəb ola bilər:

“Avropa İttifaqı və Yunanıstan bu prosesi beynəlxalq hüququn pozulması kimi qiymətləndirə, Türkiyəyə qarşı sanksiyalar gündəmə gələ bilər. ABŞ və Böyük Britaniya da regionda balansın pozulmasından narahat olacaq.”

Politoloq bildirib ki, bu kurs Türk dünyasında siyasi inteqrasiyanın güclənməsi baxımından müsbət qarşılanacaq.

“Əgər bu ideya praktik müstəviyə keçərsə, Şərqi Aralıq dənizində enerji resurslarının bölüşdürülməsi və dəniz sərhədləri məsələsində geosiyasi rəqabət daha da kəskinləşəcək. Regionda yeni siyasi və hərbi reallıqlar formalaşacaq.”

Seçilən
128
nocomment.az

1Mənbələr