Bakı, 20 oktyabr, AZƏRTAC
20 Oktyabr - Zəngilan Şəhəri Günü yalnız bir tarix deyil, həm də milli qürurumuzun, qəhrəmanlığımızın və Böyük Qayıdışın rəmzidir. 1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu 1 şəhər, 5 qəsəbə və 80 kəndi ilə birlikdə təkcə coğrafi ərazi deyil, həm də zəngin tarixi, mədəni və ekoloji sərvətləri ilə xalqımızın qəlbində xüsusi yer tuturdu. İşğal illəri ərzində bu sərvətlər dağıdıldı, talan edildi, lakin zəngilanlıların ruhu sarsılmadı, ümidləri heç vaxt tükənmədi.
27 il sonra 2020-ci il 20 oktyabrda rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu Qələbə təkcə hərbi deyil, həm də strateji və mənəvi əhəmiyyət daşıyan tarixi dönüş nöqtəsi oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Ağıllı kənd”, enerji və yol infrastrukturu layihələri, müasir yaşayış komplekslərinin inşası və kəndlərin yenidən qurulması regionun sosial-iqtisadi inkişafına yeni nəfəs verir.
Zəngilan şəhərinin inkişafı üçün hazırlanan baş plan çərçivəsində rayon mərkəzi, Məmmədbəyli və Cahangirbəyli kəndləri yenidən dirçəldilir. Burada müasir yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, tibb müəssisələri inşa olunur. Zəngilanın bərpası milli yaddaşın, ümidin və dövlətimizin qüdrətinin dirçəldilməsidir.
“Böyük Qayıdışın başlanğıcı Ağalı kəndindən yazıldı. Buraya həyatın qayıdışı xalqımızın sarsılmaz iradəsinin və qəhrəmanlığının simvoluna çevrildi. Hər yeni layihə, hər təməlqoyma mərasimi Zəngilanın həm tarixinə, həm də gələcəyinə olan sarsılmaz bağlılığımızın ifadəsidir.
Rayonun təbii incilərindən olan Bəsitçay Dövlət Təbiət Qoruğu, dünyada nadir çinar ağacları ilə zəngin ərazi, uzun illər işğal dövründə ekoloji vandalizmə məruz qalıb. Qoruğun flora və faunası ciddi zərər görüb. Bu gün isə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncamı əsasında bu nadir təbiət məkanı bərpa olunur və yeni həyat qazanır”, - deyə o əlavə edib.
Alim vurğulayıb ki, Zəngilanda istifadəyə verilən Beynəlxalq Hava Limanı da təkcə logistik layihə deyil, həm də dostluq və əməkdaşlıq körpüsüdür. Hava limanı bölgənin beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi etməsinə şərait yaradacaq, Zəngəzurun mədəniyyətlərarası ünsiyyət mərkəzinə çevrilməsinə təkan verəcək.
“Zəngilan Şəhəri Günü bizə bir daha xatırladır ki, heç bir işğal, heç bir müharibə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Zəngilanın azadlığı və bərpası dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və qələbə əzminin əbədi simvoludur. Tarix sükut edir, amma Zəngilanın səsi hər bir ürəkdə, hər bir əməl və hər bir daşda yaşayır”, - deyə T.Şükürlü bildirib.