AZ

Vens: “ABŞ ilk növbədə öz ordusunu silahlandırmalıdır”

ABŞ administrasiyası hələlik Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlərin tədarükü ilə bağlı qərar qəbul etməyib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens (J.D. Vance) açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton hazırda ilk növbədə öz qoşunlarının təhlükəsizliyinə və silahlanmasına diqqət yetirir.

“Birləşmiş Ştatlar ilk növbədə öz təhlükəsizliyini təmin etməklə məşğuldur. Bu o deməkdir ki, biz silahlı qüvvələrimiz üçün kritik silah sistemlərinin ehtiyatını saxlamalıyıq”, – deyə Vens bildirib.

Vitse-prezident qeyd edib ki, bu məsələ ABŞ prezidentinin əsas prioritetlərindən biridir. O əlavə edib ki, əgər prezident Donald Tramp Avropaya əlavə silah satışını ölkənin maraqlarına uyğun hesab edərsə, bu addımı atacaq.

“Lakin “Tomaqavk” raketlərinin Ukraynaya tədarükü ilə bağlı hələlik konkret qərar qəbul edilməyib”, – Vens vurğulayıb.

O həmçinin qeyd edib ki, məsələ ilə bağlı yekun qərarı prezident Trampın özü verəcək.

Xatırladaq ki, oktyabrın 19-da Donald Tramp bəyan etmişdi ki, ABŞ bütün silah ehtiyatını Ukraynaya göndərə bilməz. Onun sözlərinə görə, Kiyev tərəfi “Tomaqavk” raketlərini almaq imkanları ilə maraqlanıb və məsələ hazırda dəyərləndirilir.

//Gülnarə Abasova, Editor.az 

Seçilən
44
editor.az

1Mənbələr