Rusiyanın Vladivostok şəhərində həkimlər azyaşlı uşağı nadir və təhlükəli vəziyyətdən xilas ediblər.
AzPost xarici mediaya istinadən xəbər verir ki, Primorye Uşaq Sağlamlığı Mərkəzinin həkimləri 10 yaşlı oğlanın qida borusundan 15 millimetr uzunluğunda iti muncuq çıxarıblar.
Rəsmi məlumata görə, uşaq özü valideynlərinə muncuğu udduğunu bildirib. Lakin üç gün ərzində yad cismin təbii yolla çıxmaması tibbi müdaxiləni zəruri edib.
Muncuğun iti ucu mədə-bağırsaq sisteminə ciddi zərər vurma riski yaradırdı. Xəstəxananın endoskopiya şöbəsinin rəhbəri Aleksey Tkaçukun sözlərinə görə, əməliyyat endoskopik üsulla aparılıb və təxminən 40 dəqiqə davam edib.
Həkimlər bildiriblər ki, uşağın vəziyyəti hazırda stabil və qənaətbəxşdir. Uşaq müşahidə altındadır və əlavə fəsad müşahidə olunmur.
Tibbi müəssisədən verilən açıqlamada qeyd olunub ki, təkcə 2025-ci ilin sentyabr ayında endoskopistlər uşaqların orqanizmindən 20-dən çox yad cisim çıxarıblar. Onların arasında xırda pullar, maqnitlər, batareyalar, oyuncaq hissələri, düymələr və hətta bəzək əşyaları da olub.
Mütəxəssislər valideynlərə kiçik əşyaları uşaqların əlinə keçməyəcək yerlərdə saxlamağı və belə hallarda vaxt itirmədən dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.