AZ

Amazon-da baş verən kəsinti internet xidmətlərinin iflic edib

Ajans.az TRT Russian-a istinadən xəbər verir ki, problemin əsas səbəbi Amazon-un Şimali Virciniyadakı məlumat mərkəzlərində – xüsusilə də Amazon DynamoDB və Amazon Elastic Compute Cloud (EC2) kimi əsas xidmətlərində yaranan texniki nasazlıq olub. AWS-in xidmət statusu səhifəsində qeyd edilib ki, "bir neçə xidmət üzrə səhv göstəriciləri və cavab gecikmələri müşahidə olunur". Problemlər GMT ilə saat 08:00-da (Bakı vaxtı ilə 12:00-da) başlayıb. Down Detector platformasının yaydığı məlumata əsasən, Snapchat, Roblox, Fortnite, Duolingo, Canva, Coinbase, Wordle, Vodafone, HMRC (Böyük Britaniyanın vergi xidməti) və PlayStation kimi bir çox məşhur platformalar fasilədən təsirlənib. Həmçinin, Amazon Prime Video, Amazon Music, Ring, Life360, MyFitnessPal, Xero, eləcə də Clash Royale, Clash of Clans və Pokémon Go kimi onlayn oyunlarda da istifadəçilər problemlərlə üzləşiblər. Qeyd edək ki, AWS hazırda dünyanın ən böyük bulud xidmətləri provayderidir. Minlərlə internet xidməti və tətbiqin arxa infrastrukturu məhz AWS üzərindən idarə olunur. Bu səbəbdən burada baş verən hər hansı fasilə, texniki problem və ya hücum qlobal miqyasda internet xidmətlərinə təsir göstərir. 2024-cü ildə AWS 108 milyard dollar gəlir əldə edib və bu, Amazon-un ümumi mənfəətinin əsas hissəsini təşkil edir. Hazırda Amazon mühəndisləri problemin aradan qaldırılması üzərində işləyir, lakin bəzi xidmətlərdə fasilələr davam edir.

 

Seçilən
3
Ajans.az

1Mənbələr