Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Asif Məhəmmədağa oğlu Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 1997-2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2003-2007-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə xidmətə başlayıb və 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olub. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonundakı 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başlayan Asif Azayev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı tabor komandiri olaraq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 20-də qəhrəmancasına şəhid olub.
Asif Azayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!