Banqladeşin paytaxtı Dəkkədə yerləşən Hazrat Shahjalal Beynəlxalq Hava Limanının yük bölməsində baş verən yanğının 26 saatlıq müdaxilə nəticəsində tamamilə söndürüldüyü bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, "Dhaka Tribune" qəzeti bu barədə yazıb.
Yanğınsöndürmə və Mülki Müdafiə İdarəsinin rəsmiləri hava limanındakı yanğınla bağlı son vəziyyətə dair açıqlama veriblər. Rəsmilər yanğının 26 saatlıq fasiləsiz iş nəticəsində tam söndürüldüyünü, 23 bölmənin yenidən fəaliyyətə başladığını və hava limanının uçuşlara açıldığını bildiriblər.
Yanğının söndürülməsi əməliyyatına qatılan yanğınsöndürənlər və mülki aviasiya əməkdaşları da daxil olmaqla, ümumilikdə 35 nəfərin xəsarət aldığı açıqlanıb. BBC-yə danışan Banqladeş Beynəlxalq Hava Ekspres Assosiasiyasının nümayəndələri yanğının vurduğu zərərin 1 milyard ABŞ dollarını keçdiyini təxmin edirlər.
Xatırladaq ki, Dəkkədəki Hazrat Shahjalal Beynəlxalq Hava Limanının yük bölməsində şənbə günü yanğın baş vermişdi. Yanğın səbəbilə hava limanındakı bütün uçuşlar dayandırılmış, bir çox reysin marşrutu dəyişdirilmişdi.