BAKI, 20 oktyabr. TELEQRAF
Naxçıvanla bağlı təəssürat jurnalist dostların danışdıqları əsasında formalaşmışdı. Həm də hələ tələbəlik illərində Naxçıvandan çıxan dahi şəxsiyyətlərin, ictimai xadimlərin, böyük ədiblərin Vətəni məni özünə cəlb edirdi. Amma Naxçıvana səfər etmək, bu gözəl diyarı görmək hansı səbəbdənsə mümkün olmurdu.
Belə bir imkan axır ki, yarandı və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə oktyabrın 17-də muxtar respublikaya mediatur təşkil edildi.
Mediatur zamanı qeyd edildi ki, əsas məqsədi Naxçıvanın eko, mədəni, sağlamlıq kimi çoxçeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.
Mediatur çərçivəsində əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Burada qeyd edildi ki, hazırda ulu öndərin adını daşıyan muzeyi təmir olunur.

Kənd turizminin ünvanı Ağbulaq
Daha sonra media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi turizm potensialı ilə tanış oldular. Yerli turizm bələdçisi Natiq Paşayev bildirdi ki, turizm-istirahət bölgəsi 2018-ci ildə yaradılıb. Bu layihənin icrası çərçivəsində kənd abadlaşdırılıb, müasir infrastruktur yaradılıb, Ağbulaqdakı evlər yenidən qurularaq müasir şəraitlə təmin olunub. Artıq yeddi ildir ki, Ağbulaq kəndi turizm istirahət bölgəsi kimi fəaliyyət göstərir. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında əsas məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etməkdən ibarət olub.

Yerli bələdçi vurğuladı ki, Ağbulağın təbiəti, havası və müasir infrastrukturu kənddə yaz, yay, payız və qış turizminin inkişafı üçün geniş imkanlar açır:
“Bu məqsədlə 2021-ci ildə dağ-xizək mərkəzi qurulub. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri qurulub. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Ərazidə turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, xidmət sahələri istifadəyə verilib. Ağbulaq kəndində müasir xizək mərkəzinin mövcudluğu ənənəvi turizm növləri ilə yanaşı, idman turizminin də inkişafı üçün geniş imkanlar yaradıb.

“Üzən ada” gölü
Mediatur çərçivəsində jurnalistlərin Naxçıvanda səfər etdiyi məkanlardan biri də Batabat yaylağı oldu. Burada məlumat verildi ki, Batabat yaylağı ümummilli lider Heydər Əliyevin 16 iyun 2003-cü il tarixdə imzaladığı Fərmanla qoruq elan olunub. Hazırda Batabat yaylağı boyunca uzanan haykinq marşrutu Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının nağılabənzər təbiətini gözlər önünə sərir. Biçənək kəndini və Zorbulağı birləşdirən bu marşrut ilə irəliləyərək Şahbuz rayonunun əsrarəngiz mənzərələrini, zəngin fauna və florasını müşahidə etmək olar. Xüsusən dəniz səviyyəsindən 2 500 metr yüksəklikdə yerləşən Batabat gölü gözəlliyi ilə görənləri heyran edir. Gölün unikal cəhətlərindən biri üzərində valehedici torf adalarının olmasıdır. Yerli sakinlər həmin torf adalarını “üzən ada” adlandırır. Məhz bu ərazinin təbii gözəlliyi və Naxçıvan şəhərinə yaxın məsafədə yerləşməsi buranın yerli sakinlər üçün məşhur piknik ərazisinə çevrilməsinə səbəb olub.

İnanc yeri “Əshabi-Kəhf”
Günün ikinci yarısında jurnalistlərin istəyi nəzərə alınaraq, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edildi. Burada jurnalistlərin diqqətinə çatdırılıb ki, “Əshabi-Kəhf” Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgahdır. Ziyarətgah yaxınlığındakı Haçadağ və Nəhəcir dağları arasında, hündürlüyü 1665 m yüksəkliyi olan dağda yerləşir. “Əshabi-Kəhf” ziyarətgahı ən qədim zamanlardan müqəddəs bir yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi tanınır. Ziyarətgah min illərdir burada yaşayan və bura ziyarətə gələn insanların inanc yeri olub. Aparılmış tədqiqatlar, araşdırmalar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” məhz Naxçıvandadır. “Əshabi-Kəhf”də abadlıq-bərpa işləri aparılıb. Bərpa və abadlıq işləri zamanı “Əshabi-Kəhf”də zəvvarlar üçün yaxşı şərait yaradılıb və məscid tikilib. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

Kəngərlilərin Xan Sarayı
Daha sonra media nümayəndələri Naxçıvandakı Xan Sarayında olublar. Burada məlumat verilib ki, saray Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi mərkəzi funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir. Naxçıvan xanlığının əvəzsiz xidmətləri nəzərə alınaraq, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. 2015-ci ildən isə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi” kimi fəaliyyət göstərir.

Milli memarlıq incisi Möminə Xatun türbəsi
Kompleksə daxil olan Möminə Xatun türbəsi XII əsr Azərbaycan milli memarlığının incisi hesab edilir. Türbə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin layihəsi ilə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı Möminə xatunun məzarı üzərində ucaldılıb. Türbənin tikintisi isə Şəmsəddin Eldənizin oğlu Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. Hazırda Möminə Xatun türbəsində bərpa işləri aparılır.
Kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzeydə əksəriyyətini qoç fiqurları təşkil edən 200-dən çox eksponat nümayiş olunur. Bununla yanaşı, muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri, daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə olunaraq burada nümayiş etdirilir.

Müharibələrin sınağından çıxan Naxçıvanqala
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq çərçivəsində jurnalistlərə bildirilib ki, kompleks 2013-cü ildə yaradılıb. Kompleksə daxil olan Nuh peyğəmbərin məzarüstü türbəsi abidənin qalıqları üzərində 2007-cı ildə bərpa edilib. Türbənin içərisində bu abidənin müxtəlif illərdə çəkilmiş rəsmləri və fotoşəkilləri, Naxçıvan ərazisində tapılmış daşlaşmış heyvan qalıqları nümayiş olunur. “Naxçıvanqala”nın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib. 2010-cu ildə isə yenidən bərpasına başlanıb və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildən muzey kompleksi kimi fəaliyyət göstərir.

Naxçıvanın Tac-Mahalı
Jurnalistlər Naxçıvan şəhərindəki Heydər məscidini də ziyarət ediblər. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, digər rəsmi şəxslərin, eləcə də dindarların iştirakı ilə 15 iyun 2024-cü il tarixdə - Milli Qurtuluş Günündə istifadəyə verilən Heydər Məscid Kompleksi Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Bu məscidə memarlıq üslubuna görə Naxçıvanın Tac-Mahalı da deyirlər. Memarlıq elementləri özündə Şərq memarlıq üslubunu daşıyır. Beş korpusdan ibarət məsciddə 1300 nəfərlik ibadət yeri yaradılıb.

Şəfa ocağı Duzdağ
Jurnalistlər son olaraq, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Burada məlumat verilib ki, yeraltı və yerüstü hissələrdən ibarət olan Mərkəz 1979-cu ildən xəstəxana kimi fəaliyyətə başlayıb, 2006-cı ildə yenidənqurma işləri aparılıb, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Hazırda Mərkəzdə 300 yataq yeri mövcuddur. Şəfa ocağı il ərzində 1600-1700 xəstə qəbul edilir. Duzdağ Fizioterapiya Mərkəzində əsasən, allergik xəstəliklərdən, xüsusilə bronxial-astmadan əziyyət çəkənlər müalicə alırlar. Mərkəzdə tənəffüs orqanları xəstəliklərini uğurla sağaltmaq mümkündür. Duzdağ Fizioterapiya Mərkəzi təbii şəfa mənbəyi olmaqla yanaşı, Naxçıvanda tursitlərin də tez-tez ziyarət etdiyi turizm məkanlarından biri sayılır.

Qeyd edilən məkanlarda jurnalistləri maraqlandıran suallar cavablandırılıb və qeyd edilib ki, gələcək 3 il ərzində Naxçıvanın turizm imkanlarının genişləndirilməsi qarşıya əsas hədəf kimi qoyulub. Ümidvarıq ki, Naxçıvana növbəti səfər Zəngəzur dəhlizi vasitəsilə reallaşdırılacaq.