Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərinin ilk turunda Cümhuriyyət Türk Partiyasının (CTP) lideri Tufan Erhürman qalib gəlib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Bertan Özerdağ ilkin qeyri-rəsmi nəticələrə istinadən məlumat verib.
Ötən bazar günü ölkə üzrə 777 seçki məntəqəsi açılıb. Seçkilərdə seçici fəallığı 64,87 faiz təşkil edib. Qeydə alınmış seçicilərin ümumi sayı 218 min 313 nəfər olub.
Tufan Erhürman 62,76 faiz səs toplayıb. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar 35,81 faiz səs əldə edib.
1970-ci il sentyabrın 11-də Lefkoşada doğulan yeni prezident 1992-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib və həmin universitetdə İnzibati hüquq şöbəsində elmi işçi kimi çalışıb. Doktorluq dərəcəsi alıb.
Uzun illər Ankara, Hacettepe və Orta Doğu Texniki Universitetlərində dərs deyən Erhürman, həm də Türkiyə Ədliyyə Nazirliyində çalışaraq Ombudsman sisteminin qurulmasında iştirak edib.
O, 2018-ci ildə qurulan ŞKTC koalisiya hökumətində baş nazir vəzifəsində çalışıb.
İngilis dilini mükəmməl bilir, evlidir və bir uşaq atasıdır.
Bildirildiyi kimi, Ersin Tatar və Tufan Erhürman Kipr məsələsi, Türkiyə ilə əlaqələr və xarici siyasətlə bağlı fərqli düşüncə məktəblərini təmsil edirlər. Məsələn, Tufan Erhürman Ersin Tatarın "ikidövlətli həll" ideyasına qarşı çıxaraq federal birgəyaşayış modelini müdafiə edir və bu mövqe ona həm beynəlxalq arenada, həm də seçiciləri arasında "praqmatik islahatçı" imici qazandırıb.
Beşi müstəqil olmaqla yeddi namizədin mübarizə apardığı seçkilərin birinci turunda Osman Zorba (Kıbrıs Sosialist Partiyası), Tufan Erhürman (Cümhuriyyət Türk Partiyası), Arif Salih Kırdağ (müstəqil), Ahmet Boran (müstəqil), İbrahim Yazıcı (müstəqil), Hüseyin Gürlek (müstəqil) və Ersin Tatar (müstəqil) iştirak ediblər.
Hüseyin Gürlek seçkidən bir gün əvvəl Ersin Tatarın lehinə yarışdan çəkildiyini açıqlayıb.
Tufan Erhürman ilkin açıqlamasında "Bu seçkidə uduzan yoxdur, biz Kipr Türk xalqı olaraq birlikdə qalib gəldik" deyib. O, Anadolu Agentliyinə (AA) açıqlamasında Türkiyə ilə münasibətlərə də toxunub.
Erhürman seçildikdən sonra Şimali Kipr Türk Cümhuriyyətinin xarici siyasətinin Ankara ilə məsləhətləşmələrlə formalaşacağını bəyan edib.
“Kütləvi bir qara təbliğat kampaniyası aparıldığını”, ancaq Türkiyə rəsmilərinin onu çox yaxşı tanıdığını qeyd edən Erhürman, “Türkiyə ilə məsləhətləşmədən Kiprdə xarici siyasəti müəyyən etmək heç vaxt bir seçim olmayıb və mənim səlahiyyətim dövründə də seçim olmayacaq” deyə vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat yayaraq Erhürmanı təbrik edib. O, verdiyi açıqlamada, "qeyri-rəsmi nəticələrə görə, prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. Kipr türk qardaşlarımızın iradəsini sandıq başına əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağını ümid edirəm" deyib.
Xatırladaq ki, bu prezident seçkiləri ŞKTC tarixində doqquzuncudur.
Rizvan CƏFƏROV,
"Azərbaycan"