30 oktyabr-1 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” keçiriləcək.
“APA-Economics” xəbər verir ki, sərgi səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirəcək.
Məlumata görə, Azərbaycan, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan 70-ə yaxın şirkət sərgidə iştirakını təsdiq edib.
“Medinex” səhiyyə və tibb sahəsinin əsas sektorlarını əhatə edəcək. Sərgi çərçivəsində gözəllik sahəsini əhatə edən "Beauty Azerbaijan" sektoru üzrə məhsul və xidmətlər nümayiş olunacaq. “Medinex” sərgisinin təqdimat zonasında tibb sahəsinin önəmli mövzularını əhatə edən panel müzakirələri təşkil ediləcək. Eyni zamanda sərgidə tibbi avadanlıqlar, süni intellekt, laboratoriya texnologiyaları və farmasevtik yeniliklər də daxil olmaqla ən son texnologiya və innovasiyalar təqdim ediləcək.
Sərginin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.