BAKI, 20 oktyabr. TELEQRAF
“ABŞ Tehranın nüvə fəaliyyətləri ilə bağlı heç bir səlahiyyətə malik deyil”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali dini rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Tehranın nüvə proqramını məhv etməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“ABŞ prezidentinin şərhləri 12 günlük müharibədə gözlənilməz məğlubiyyətdən sonra ruhdan düşmüş İsrail rəsmilərini təsəlli etmək üçün dilə gətirilən cəfəngiyyatdır. Həmçinin Birləşmiş Ştatlar hansı ölkələrin nüvə potensialına malik olub-olmaması lazım olduğunu müəyyən etmək iqtidarında deyil. İranın gənc alimləri tərəfindən hazırlanmış raketləri artıq həssas İsrail obyektlərinə nüfuz edib və məhv edib.
Sionistlər (İsrail) heç vaxt ağıllarına belə gətirmirdilər ki, iranlı gənclərin əli ilə yaradılmış İran istehsalı olan bir raket onların strateji mərkəzlərinin bir hissəsini külə çevirə bilər, amma bu baş verdi”, - o bildirib.
Xamenei Vaşinqtonun şərhlərini “axmaqcasına və teatral davranış” adlandırıb: “Bu sözlər özünəinamı itirmiş insanlar üçündür. 12 günlük müharibələri onları alçaltdı və Amerika prezidenti ora (İsrailə) yalnız onlara ruh vermək üçün gedib”.
Keçən həftə İsrail Knessetində çıxış edən Prezident Donald Tramp söyləmişdi:
“İranın nüvə obyektlərinə 14 bomba atdıq, bu obyektlərin məhv edildiyi təsdiqlənib, birlikdə dünyanın bir nömrəli terror sponsoru olan dövlətin nüvə silahı istehsalını dayandırdıq. Bunu etməsəydik, bu (Qəzza üzrə) son razılaşmamız üzərində qara bulud qalacaqdı”.