AZ

Təmiz bal xarlayırmı? - mütəxəssis rəyi

Təmiz bal xarlayırmı? - mütəxəssis rəyi

Bal tez və ya gec — götürüldüyü çiçəkdən və saxlanma şəraitindən asılı olaraq — qatılaşıb xarlayır. Balın xarlaması (kristallaşması) təbii prosesdir və onun keyfiyyətinə mənfi təsir göstərmir. Göyəm, cökə, yonca, biyan, günəbaxan və digər ballar adətən süzüldükdən sonra 6 ay ərzində, qaratikan, şabalıd, meşə balları isə bir ildən də gec xarlayır. İsti şəraitdə saxlanılan bal gec, soyuqda isə daha tez kristallaşır.

AFN.az xəbər verir ki, bu barədə “Balçı” şirkətinin satış meneceri, arıçılıq üzrə mütəxəssis Elvin Bayramlı məlumat verib. O bildirib ki, nektar axını dövründə pətəklərdə tənbəl və işsiz görünən bəzi arılar əslində çox vacib proseslə məşğuldurlar:

“Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və sonra yox olur. Onlar fermentlərin təsiri ilə saxarozanı qlükozaya və fruktozaya parçalayırlar. Çünki çiçəklərdən toplanan nektarın əsas hissəsi su və saxarozadan ibarətdir. Arılar bu prosesi apararaq nektara fermentlər əlavə edir, suyunu buxarlandırır və beləcə bal yaranır”.

Ekspertin sözlərinə görə, bal əsasən fruktoza və qlükozadan (15–20%-i sudan) ibarətdir: “Balda fruktoza qlükozadan çox olur. Zaman keçdikcə fruktoza qlükozaya çevrilir. Tərkibdə qlükoza fruktozaya çatdıqda və ya onu keçdikdə xarlanma baş verir. Buna görə də fruktozası çox olan ballar gec, qlükozası çox olan ballar isə tez xarlayır”.

Elvin Bayramlı qeyd edib ki, “xarlayan bal saxtadır” fikri tamamilə yanlışdır: “Azərbaycanda bütün bal növləri tez və ya gec kristallaşır. Həm dağ bölgələrindən, həm də Aran zonasından əldə olunan ballar xarlaya bilər. Təbii və keyfiyyətli bal hətta süzmədən az sonra da kristallaşa bilər.”

Onun sözlərinə görə, bal xarladıqda kimyəvi tərkibi dəyişmir, sadəcə görünüşü və dadında cüzi fərq yaranır. Saxlanma şəraiti də bu prosesə təsir göstərir — məsələn, xarlanma üçün ideal temperatur 18°C-dir.

Ekspertin yekun fikirləri:

- Balın xarlaması tam təbii haldır; - Xarlanmış bal saxta deyil; - Xarlanma fruktoza, saxaroza miqdarı və saxlanma şəraitindən asılıdır; - Xarlanmış balın 100% təbii olması da doğru deyil, çünki şərbətlə qidalanan arıların “balı” da xarlaya bilər.

Beləliklə, xarlanma ilə balın təbiiliyi və ya saxtalığı arasında birbaşa əlaqə yoxdur.

Seçilən
76
afn.az

1Mənbələr