Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla, həm ekoloji, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Lakin son onilliklərdə müşahidə edilən iqlim dəyişiklikləri, antropogen təsirlər və su səviyyəsinin azalması bu unikal dənizi ciddi ekoloji böhranla üz-üzə qoyub.
Xəzər dənizinin dayazlaşması artıq region ölkələrinin, xüsusilə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın diqqət mərkəzindədir. Bu proses yalnız təbiət hadisəsi deyil, həm də regional iqtisadi təhlükəsizlik və ekoloji tarazlıq üçün böyük çağırışdır.
Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi deyil
Azərbaycan daim Xəzər məsələsinin aktuallığını diqqət mərkəzində saxlayır. Bu xüsusda prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində qeyd edir: “Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil”.
Dövlət başçısının sözlərinə görə, yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir: “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır. Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir”. Son 30 ildə Xəzər dənizinin səviyyəsi təxminən 2 metrə yaxın azalıb. Mütəxəssislərin fikrincə, bu, əsasən iki amildən qaynaqlanır: iqlim dəyişikliyi və insan fəaliyyəti. Əvvəla, iqlim dəyişikliyi nəticəsində bölgədə temperaturun artması buxarlanma səviyyəsini yüksəldir. Xəzər dənizi qapalı akvatoriya olduğu üçün su səviyyəsinin bərpası yalnız çay axınlarından asılıdır. Ən böyük mənbə sayılan Volqa çayının suyu isə son illərdə xeyli azalıb. Bunun səbəbi həm yağışların azalması, həm də çay hövzəsində suvarma məqsədilə çoxsaylı bənd və su anbarlarının tikilməsidir. İkinci mühüm amil antropogen təsirdir. Xəzəryanı ölkələrdə sənaye və kənd təsərrüfatı məqsədləri ilə su resurslarının həddindən artıq istismarı, çirklənmə və torpaq eroziyası su balansını pozur. Xəzərin dayazlaşması regionun ekosisteminə ciddi zərbə vurur. Dənizin səviyyəsinin enməsi ilə sahil ekosistemləri, xüsusilə də quşların qışlama yerləri, balıqların yumurtlama sahələri məhv olur. Əvvəllər dənizin orta dərinliyi 200–300 metr arasında dəyişsə də, bəzi sahil zonalarında, xüsusilə Qazaxıstan və Türkmənistan sahillərində suyun çəkilməsi nəticəsində yeni quru sahələr yaranıb. Bu isə duzlaşma, toz fırtınaları və ekoloji səhralaşma kimi fəsadlar törədir. Biomüxtəliflikbaxımından da vəziyyət təhlükəlidir. Nadir növlərdən olan Xəzər suitisi, qızılbalıq, kütüm və digər endemik növlər yaşayış mühitini itirir. Su səviyyəsinin azalması bioloji tarazlığı pozmaqla yanaşı, balıqçılıq sənayesinə də ciddi zərbə vurur. Xəzərin dayazlaşması yalnız ekoloji deyil, həm də iqtisadi problem yaradır. Əvvəla, su səviyyəsinin enməsi limanların fəaliyyətini çətinləşdirir. Bu, Xəzər dənizi vasitəsilə həyata keçirilən Orta Dəhliz layihələrinin effektivliyinə mənfi təsir göstərir. Neft və qaz infrastrukturunun təhlükəsizliyi də risk altındadır. Dənizin dayazlaşması boru xətlərinə, dənizdəki platformalara və liman infrastrukturuna texniki zərər vura bilər. Balıqçılıq və turizm kimi sahələrdə çalışan əhali də gəlir itkisi ilə üzləşir.
Əsas ümid Volqa çayınadır
Bəllidir ki, Xəzər dənizi beş dövlətin ortaq sərvətidir və bu problem yalnız bir ölkənin səyləri ilə həll oluna bilməz. Buna görə də, regional əməkdaşlıq mexanizmləri gücləndirilməlidir. 2018-ci ildə imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsas hüquqi çərçivə yaratsa da, ekoloji problemlərin həlli üçün əlavə mexanizmlərə ehtiyac var. Mütəxəssislər “Xəzər Ekoloji Strategiyası” adlı vahid proqramın hazırlanmasını, hər bir ölkənin su və ekoloji siyasətinin koordinasiyasını zəruri hesab edirlər.
Azərbaycan bu istiqamətdə fəal mövqe tutur. Bakı bir neçə beynəlxalq forumda Xəzərin qorunması, ekosistemin bərpası və dayanıqlı istifadə ilə bağlı təşəbbüslər irəli sürüb. Xəzəryanı dövlətlərin ekoloji məlumat mübadiləsini təmin edən “CaspEcoNet” platforması da bu əməkdaşlığın mühüm alətidir. Müasir texnologiyalar Xəzər dənizinin vəziyyətinə nəzarət etməkdə mühüm rol oynayır. Peyk müşahidələri, dron xəritələşdirmə sistemləri və hidroloji modellər vasitəsilə su səviyyəsinin dəyişməsi və sahil xəttinin dinamikası dəqiq izlənilir. Bundan başqa, elmi dairələr dənizin “bərpa potensialı”nı artırmaq üçün təbii tarazlığın qorunmasına yönəlmiş təkliflər irəli sürürlər. Əsas istiqamətlərdən biri Volqa çayı hövzəsində suyun daha səmərəli idarə olunması və tullantı sularının təmizlənməsinin gücləndirilməsidir. 2017-ci illə müqayisədə 2025-ci ildə Volqa hövzəsində əkin dövriyyəsinə cəlb olunan torpaqların sahəsi 35%-dək artıb. Bununla bağlı, Volqa çayının suyundan suvarılma məqsədilə daha çox istifadə edilməyə başlanıb.
İkincisi,Volqa hövzəsində orta illik yağıntı 2017-ci illə müqayisədə 2024-cü ildə təxminən 100 mm az və ya 15.3% azalma müşahidə olunur. Lakin bu azalma Volqa hövzəsində mövcud su anbarlarındakı su həcminə əhəmiyyətli təsir göstərməyib. Son 8 il ərzində su səthi sahəsində azalma cəmi 1%-ə qədərdir. Bu o deməkdir ki, suvarılma məqsədləri üçün su anbarlarında suyun səviyyəsini sabit saxlamaqla çaya buraxılan suyun həcmi məhdudlaşdırılıb. Deməli, burada Rusiyanın düzgün yanaşması Xəzərin xilası üçün müstəsna əhəmiyyətə malikdir. Volqa eyni adlı hövzənin Kama və Oka adlı digər çayları ilə birlikdə Xəzər dənizinin ən böyük su mənbəyidir. Amma Rusiyanın yanaşması bu çayların suyunun Xəzərə çatmasında əngələ çevrilib. Halbuki, bundan ruslar özləri də zərər görür.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.