AZ

TÜRKPA Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında təmsil olunur

TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında və əlaqədar iclaslarda müşahidəçi qismində iştirak edir.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, İdarəetmə Şurasının sessiyasında iştirak edən TÜRKPA-nın nümayəndə heyəti daha sonra “Böhranlar zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda Assambleyanın ümumi debatına qatılacaq.

Assambleya PAİ-nin vitse-prezidenti xanım Qabriyela Moravska-Stanetska və PAİ-nin Baş katibi Martin Çunqonqun açılış nitqləri ilə işə başlayıb.

Tədbir çərçivəsində Baş katib səfir Ramil Həsən PAİ-nin Baş katibi Martin Çunqonq və digər beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək. Onun Assambleyada çıxışı da gözlənilir.

Assambleya çərçivəsində Ramil Həsən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb. Görüşdə o, TÜRKPA-nın fəaliyyəti haqqında qısa məlumat verib və Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzvlüyünün perspektivlərinə dair müzakirələrin başlanmasının vacibliyini qeyd edib.

Tənzilə Narbayeva Özbəkistanın bu məsələdə fəal iştirakını vurğulayıb və ölkənin tezliklə üzvlüklə bağlı prosedurlara başlamaq niyyətini ifadə edib. Söhbət zamanı əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Özbəkistana rəsmi səfərin təşkili də razılaşdırılıb.

Seçilən
29
2
azerbaijan-news.az

3Mənbələr