"iPhone"un yeni 17 seriyası satışa çıxan kimi alıcıların diqqətini cəlb edib və qısa müddətdə geniş istifadəçi kütləsi qazanıb. Lakin cihazın təqdimatından sonra onun həm müsbət, həm də mənfi cəhətləri müzakirə olunur. Telefon ustası Anar Məmmədov Metbuat.az-a açıqlamasında 17 seriyasının mənfi və müsbət cəhətlərini sadalayıb: "Müsbət cəhətlərdən birinci növbədə kameralarda böyük dəyişikliklər edilməsidir. Stabilizasiya sistemi gücləndirilib, hərəkət zamanı lenslər əsmir. Meqapiksel sayı artırılıb. Type-C 4.2 portu ilə daha sürətli enerji yığımı təmin olunur. Batareyanın tutumu artırılıb, prosessor gücləndirilib. Həmçinin əlavə qoruma sistemi yerləşdirilib ki, bu da saxta və zədələnmiş proqramların yüklənməsini mümkünsüz edir. Bundan başqa, 128 GB yaddaş seçimi ləğv edilib və artıq modellər 256 GB-dan başlayır".A.Məmmədovun sözlərinə görə, yeni modellerin ən pis xüsusiyyəti məhz alüminium korpus olmasıdır:"Çünki alüminium korpus zədələnməyə daha meyllidir. Əslində, bu material isinmənin qarşısını almaq və telefonu yüngülləşdirmək məqsədilə seçilib. Rəngin solması ilə bağlı iddialar isə hələlik real görünmür. “iPhone 17 Air” yalnız eSIM-lə işləyir və bu da bəzi istifadəçilər üçün mənfi cəhət hesab olunur. Qiyməti isə əvvəlki 16 seriyası ilə müqayisədə daha uyğun sayılır".Sevinc İbrahimzadə / Metbuat.az