AZ

ABŞ “Böyük yeddilik”in Rusiyanın 140 milyardlıq aktivlərinin Ukraynaya verilməsini dəstəkləməkdən imtina edib

Vaşinqton bazar sabitliyi və hüquqi risklərlə bağlı narahatlığını əsas gətirir...

ABŞ administrasiyası “Böyük yeddilik”in (G7) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini Ukraynaya maliyyə dəstəyi məqsədilə istifadə etməklə bağlı planına qoşulmaqdan imtina edib.

Poliqon xəbər verir ki, bu barədə “Bloomberg” Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri ötən həftə Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondunun toplantısı çərçivəsində avropalı həmkarlarına bildiriblər ki, hələlik bu təşəbbüsə qoşulmaq niyyətində deyillər. Mənbələrdən birinin sözlərinə görə, Vaşinqton bu addımı maliyyə bazarlarının sabitliyi üçün potensial risklərlə izah edib. Başqa bir mənbə isə ABŞ-ın sadəcə bu mərhələdə heç bir öhdəlik götürmədiyini bildirib.

Avropa İttifaqı üçün bu qərar ciddi uğursuzluq hesab olunur. Brüssel “Böyük yeddilik” ölkələrini Rusiya aktivlərini 140 milyard avroya qədər borc vəsaitinin təminatı kimi istifadə etməyə inandırmağa çalışırdı. Avropa Komissiyası bu sxemin hüquqi və maliyyə detallarını işləyib hazırlayır, lakin onu yalnız Avropa liderləri təsdiqlədikdən sonra açıqlamağı planlaşdırır.

Avropa rəsmiləri ABŞ-nin planı dəstəkləməməsindən məyus olduqlarını bildiriblər. Onların fikrincə, bu, xüsusilə Vaşinqtonun əvvəlki bəyanatları fonunda gözlənilməzdir. Xatırladaq ki, sentyabrda ABŞ maliyyə naziri Skott Bessent təxminən 5 milyard dollarlıq rus aktivlərinin konfiskasiyası ilə bağlı qanuni imkanların mövcud olduğunu demişdi, lakin bu qərarın icrası barədə öhdəlik götürülmədiyini vurğulamışdı.

Hazırda dondurulmuş Rusiya aktivlərinin əsas hissəsi — təxminən 280 milyard avro — Avropadadır və onların böyük qismi Belçikanın “Euroclear” depozitarında saxlanılır. Bu aktivlərdən əldə edilən faiz gəlirləri artıq Ukraynaya yönəldilir, lakin Aİ həmin vəsaitləri girov kimi istifadə edib əlavə kredit resursları cəlb etməyi nəzərdən keçirir.

Bununla belə, hüquqi və maliyyə baxımından mürəkkəb olan bu sxem birbaşa müsadirə riskini azaltmaq məqsədi daşıyır, lakin eyni zamanda Moskvanın mümkün məhkəmə iddialarını gündəmə gətirə bilər.

“Bloomberg” yazır ki, Vaşinqtonun ehtiyatlı mövqeyi Aİ daxilində skeptik ölkələrin — o cümlədən Belçikanın — arqumentlərini gücləndirəcək. Brüssel xəbərdarlıq edir ki, bu cür uzunmüddətli istifadə Avropa maliyyə mərkəzinin etibarlılığına zərbə vura və avronu zəiflədə bilər. Avropa Mərkəzi Bankı da oxşar narahatlıqlar ifadə edib. Bankın prezidenti Kristin Laqard ideyanın mahiyyətcə faydalı olduğunu desə də, bunun yalnız bütün iştirakçı ölkələrin koordinasiyalı şəkildə hərəkət etməsi halında mümkün olacağını bildirib.

Məlumata görə, G7-nin digər üzvlərindən Böyük Britaniya və Kanada Aİ-nin təşəbbüsünü dəstəkləyir, Yaponiya isə ABŞ kimi ehtiyatlı mövqedə qalır.

Xəbərdə qeyd olunur ki, ABŞ-ın bu qərarı eyni zamanda Ağ Evin Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərini gücləndirdiyi vaxta təsadüf edir. Ötən həftə prezident Donald Tramp Vaşinqtonda Vladimir Zelenski ilə görüşüb, daha sonra Rusiya lideri Vladimir Putinlə telefon danışığı apararaq yaxın zamanda Budapeştdə görüşməyi planlaşdırdığını açıqlayıb.

Poliqon.info

Seçilən
70
poliqon.info

1Mənbələr