ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Seven Bridges Revocable Trust” adlı fond “Powerball” lotereyasında 1,8 milyard dollarlıq uduşun yarısını “rəqəm səhvi” sayəsində qazanıb.
News24.az xəbər verir ki, fondun açıqlamasına görə, onlar bilet üçün “şəxsi mənası olan” rəqəmləri seçiblər, lakin bileti alarkən təsadüfən bir rəqəmi səhv daxil ediblər. Bu “səhv” isə onları milyarderə çevirib.
Çəkilişin qalib nömrələri 11, 23, 44, 61, 62 və Powerball 17 olub. Fond birdəfəlik ödəniş variantını seçib və vergilər çıxıldıqdan sonra 410 milyon 324 min 470 dollar əldə edib.
Qrup vəkilləri vasitəsilə verdikləri açıqlamada bildirib:
“Biz Texaslıyıq və bu ştatın dəyərlərinə sadiqik. Ailəyə, inanca və onların gətirdiyi bərəkətə inanırıq. Bu, bizim üçün böyük bir minnətdarlıq anıdır. Bu neməti həm ailəmiz, həm də cəmiyyətimizə xidmət edənlərlə bölüşəcəyik.”
Talelilər uduş qazandıqlarını ertəsi səhər kilsəyə gedərkən öyrəniblər. Onlar avtomobili saxlayıb nömrələri dəfələrlə yoxladıqlarını deyiblər. Uduşun digər yarısı isə şəxsiyyətini açıqlamayan Missuri sakininə qismət olub.
Texas Lotereya İdarəsinin rəhbəri Kortni Arbur isə bildirib ki, bu uduş ştat tarixindəki ən böyük Powerball qalibiyyəti hesab olunur:
“Bu rekord göstərir ki, hər bir Texas lotereya bileti növbəti böyük qalib ola bilər. Bundan əldə edilən gəlir isə ictimai təhsil və veteranlara dəstək xidmətlərinə yönəldiləcək.”
Vüsal