BAKI, 21 oktyabr. TELEQRAF
İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqını mövsümi saat dəyişməsini tamamilə ləğv etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, "X" platformasında yayımlanan video müraciətində bildirib.
Sançes bu il 26 oktyabra nəzərdə tutulan qış saatına keçidin mənasız olduğunu deyib. O xatırladıb ki, Avropa Komissiyası 2018-ci ildə saatların dəyişdirilməsini dayandırmağı təklif etmişdi, lakin hələ qərar qəbul edilməyib.
Baş nazir qeyd edib ki, həm İspaniyada, həm də digər Aİ ölkələrində əhali əksər hallarda saat dəyişməsini dəstəkləmir. O, sosial sorğulara və elmi tədqiqatlara istinad edərək bildirib ki, mövsümi saat dəyişməsi elektrik enerjisinə qənaətə demək olar ki, kömək etmir, lakin insanların sağlamlığına və gündəlik həyatına mənfi təsir göstərir.
Qeyd edək ki, bu məsələ 20 oktyabrda Lüksemburqda keçirilən Avropa İttifaqının nəqliyyat, telekommunikasiya və enerji nazirlərinin sammitinin gündəliyinə daxil edilməyibş
2018-ci ildə Avropa Komissiyasının apardığı sorğuda Aİ sakinlərinin 84%-i mövsümi saat dəyişməsinin ləğvini dəstəkləyib. 2024-cü ildə Almaniyada 74% respondent eyni fikri bildirib. Bu təşəbbüsü Polşa, Finlandiya və bir sıra digər ölkələr də dəstəkləyir.