Azərbaycan-Qazaxıstan iqtisadi münasibətləri bütövlükdə türk dünyasının güclənməsinə xidmət edir
Son illər Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlər daha sürətlə inkişaf edir. Ticarət, enerji və nəqliyyat sahələrində qurulan geniş əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə çatdığını göstərir.
Təkcə bu ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən çox artaraq 501 milyon dolları keçib. Keçən il isə bu göstərici 50 faiz artımla 470 milyon dollara yüksəlmişdi. Bu yüksəliş həm ikitərəfli əlaqələrin dinamikasını göstərir, həm də bütövlükdə Avrasiya regionunda iqtisadi inteqrasiyanın güclənməsinə əlavə təkan verir.
Prezident İlham Əliyev oktyabrın 18-də Qazaxıstanın "Kazinform" agentliyinə verdiyi müsahibəsində iki ölkə arasında nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin "yaşıl enerji" sahəsində birgə işin perspektivlərindən, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təşəbbüslərdən söz açaraq deyib: "Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və qarşılıqlı iqtisadi fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla 547 milyon dollara çatıb. Bu artım Orta dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır".
Bu gün iki ölkə arasında təkcə enerji və nəqliyyat deyil, logistika, kənd təsərrüfatı və sənaye sahələrində də əməkdaşlıq önəmli yer tutur. Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən Orta dəhliz layihəsi çərçivəsində birgə fəaliyyət Azərbaycanın və Qazaxıstanın həm regional, həm də qlobal ticarət sistemindəki rollarını gücləndirir. Azərbaycan və Qazaxıstan arasında birgə iqtisadi komissiyaların fəaliyyəti, sərmayə qoyuluşu, həmçinin iş adamları arasında əlaqələrin genişləndirilməsi də iqtisadi münasibətlərin davamlı inkişafına xidmət edir. Bunlardan əlavə, nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi, xüsusən 44 günlük Vətən müharibəsindən sonrakı dövrün reallığı olan Zəngəzur dəhlizinin (TRIPP) gündəmə gəlməsi Qazaxıstan üçün strateji baxımdan yeni imkanlar açır. Bu dəhliz regionun birləşdirilməsi və Avrasiya məkanında ticarət, logistika sahəsində canlanma yaratmaq baxımından strateji əhəmiyyətə malikdir. Çox vacib haldır ki, Azərbaycan və Qazaxıstan bu məsələdə ortaq maraqlara malikdir və məqsədləri üst-üstə düşür.
İki ölkənin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilməsini hədəfləyən böyük layihələrdən biri də "Rəqəmsal İpək yolu"dur. Avropa ilə Asiyanı birləşdirəcək bu təşəbbüs çərçivəsində həyata keçirilən Xəzəraltı fiber-optik kabel magistralının inşası regionun rəqəmsal inteqrasiyasına və informasiya təhlükəsizliyinə mühüm töhfə verəcək. Bu strateji layihə Xəzər dənizinin dibi ilə 380 kilometr uzunluğunda fiber-optik kabel xəttinin tikintisini nəzərdə tutur. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, yüksəkhəcmli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.
Belə mühüm layihədə Azərbaycan və Qazaxıstan birgə addım atırlar. Xatırladaq ki, 2022-ci il sentyabrın 28-də "AzərTelecom" və "Kazakhtelecom" şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinə dair strateji tərəfdaşlıq memorandumu imzalanmışdır. Layihə sadəcə iki ölkənin deyil, bütün regionun informasiya və texnologiya sahəsində gələcək inkişaf perspektivlərini müəyyən edir. "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.
Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam edir. Bu əməkdaşlıq çərçivəsində Qazaxıstan mənşəli xam neft Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılır, Azərbaycanda emal olunur və digər işlər görülür. Yeri gəlmişkən qeyd edək ki, "SOCAR Midstream Operations" MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Sözügedən müsahibədə Prezident İlham Əliyev bu məsələyə də toxunub: "Neft-qaz sektorunda SOCAR və "KazMunayQaz" Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək".
Azərbaycan və Qazaxıstan arasında mövcud olan iqtisadi əməkdaşlıq bütövlükdə regionun inkişafı və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır. Energetika sahəsində, xüsusilə neft və qaz layihələri ətrafında əməkdaşlığın güclənməsi, həmçinin nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrində inkişaf edən əlaqələr ikitərəfli münasibətlərin möhkəmlənməsinə və TDT çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edir. Gələcəkdə birgə layihələrin və investisiya təşəbbüslərinin daha da genişlənməsi bu strateji tərəfdaşlığın potensialını tam reallaşdırmağa imkan verəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"