AZ

Azərbaycan və Qazaxıstan strateji müttəfiqliyi möhkəmləndirir

Azərbaycan və Qazaxıstanı bir-birinə bağlayan münasibətlər sadəcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, milli köklər və türklük ruhu dayanır. Tarix boyu xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri bu gün müstəqil dövlətlər səviyyəsində sıx müttəfiqlik və strateji tərəfdaşlıq formasında öz təzahürünü tapmaqdadır. 

Azərbaycan-Qazaxıstan münasibətlərinin özünün ən yüksək inkişaf mərhələsini yaşadığını qeyd edən Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, iki qardaş dövlət arasında formalaşmış qarşılıqlı etimad, hörmət və anlayış mühiti regionda sabitliyin, təhlükəsizliyin və tərəqqinin mühüm dayaqlarından biridir: "Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, imzalanan sənədlər və aparılan yüksəksəviyyəli danışıqlar iki ölkə arasında əlaqələrin dərin strateji məzmun kəsb etdiyini bir daha sübut edir. Azərbaycan Mərkəzi Asiya regionunda yerləşən ölkələrlə, xüsusən də Türk Dövlətləri Təşkilatına üzv qardaş dövlətlərlə münasibətlərə xüsusi önəm verir. Bu siyasət təkcə regional inteqrasiyanın güclənməsinə deyil, həm də bütün türk dünyasının birliyinə və iqtisadi-siyasi koordinasiyasına yeni impuls verir. Qazaxıstan bu mənada Azərbaycanın ən mühüm tərəfdaşlarından biri olmaqla həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq platformalarında etibarlı müttəfiq kimi çıxış edir". 

Deputat deyib ki, xalqlarımız arasında tarixi qardaşlıq və dostluq, qarşılıqlı dəstək və həmrəylik, oxşar mədəni ənənələr və mənəvi dəyərlər əsasında möhkəm bir strateji əməkdaşlıq modeli formalaşıb. Enerji, nəqliyyat, logistika, təhsil, mədəniyyət, kənd təsərrüfatı və humanitar sahələrdə uğurla həyata keçirilən layihələr bu əməkdaşlığın praktiki nəticələrini əyani şəkildə nümayiş etdirir.

K.Bayramov xatırladıb ki, Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində "Kazinform"a eksklüziv müsahibəsində bildirib ki, son üç ildə qardaş ölkəyə yeddinci səfəridir: "Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına birgə  səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir".

Deputat diqqətə çatdırıb ki, mövcud dostluq və qarşılıqlı etimad ruhunda inkişaf edən Azərbaycan-Qazaxıstan münasibətləri bu gün təkcə regional deyil, eyni zamanda beynəlxalq müstəvidə də mühüm nümunə kimi dəyərləndirilir. Hər iki ölkə arasında əməkdaşlığın strateji xarakter alması qarşılıqlı siyasi iradənin və qardaşlıq münasibətlərinin təzahürüdür. Bu istiqamətdə atılan addımlar qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşməsinə, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə şərait yaradıb. Məhz bu kontekstdə Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin hüquqi əsaslarının möhkəmliyini və onların gələcək inkişaf perspektivlərini xüsusi vurğulayaraq bildirib ki, ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. İkitərəfli əlaqələrin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun institusional əsasda davam etdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə yaradılan yeni əməkdaşlıq mexanizmləri qarşılıqlı əlaqələrin daha sistemli şəkildə inkişafına xidmət edir və iki ölkə arasında strateji tərəfdaşlığın real məzmunla zənginləşməsinə imkan yaradır. 

Deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq əlaqələri son illərdə xüsusilə dinamik inkişaf mərhələsinə qədəm qoyub: "İkitərəfli münasibətlərin strateji səviyyəyə yüksəldilməsi təkcə siyasi dialoqla məhdudlaşmır, həmçinin  iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Hər iki ölkə arasında həyata keçirilən birgə layihələr, yaradılan biznes-forumlar, investisiya təşəbbüsləri və qarşılıqlı ticarət missiyaları bu əməkdaşlığın praktiki nəticələrini daha da gücləndirir. Bu günə qədər ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və qarşılıqlı iqtisadi fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla 547 milyon dollara çatıb. Bu artım Orta dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə sıx bağlıdır".

K.Bayramov bildirib ki, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin möhkəm təməl sütunlarından biri də mədəni-humanitar əməkdaşlıqdır. Xalqlarımız arasında tarixi, mənəvi və mədəni bağların dərin kökləri bu sahədəki əlaqələrin davamlı inkişafına təkan verir. İki ölkə arasında təkcə siyasi və iqtisadi deyil, həm də mədəni inteqrasiya istiqamətində həyata keçirilən layihələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ortaq türk kimliyinin təbliği və qorunmasına mühüm töhfə verir. Mədəni əməkdaşlıq eyni zamanda xalq diplomatiyasının mühüm vasitəsi kimi çıxış edir. Bu əlaqələr yalnız rəsmi səviyyədə deyil, yaradıcı ictimaiyyətlər, elm və təhsil ocaqları, incəsənət və ədəbiyyat xadimləri arasında da genişlənir. Hər iki ölkə bu istiqamətdə ardıcıl təşəbbüslər irəli sürür və qarşılıqlı mədəni təqdimatlar vasitəsilə ortaq tarixi irsin təbliğini prioritet istiqamət kimi müəyyənləşdirir. "2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin "Gecə açılan atəş" adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib", - deyə o xatırladıb.

Deputat deyib ki, Azərbaycan-Qazaxıstan münasibətləri regional və qlobal əhəmiyyət kəsb edən ekoloji məsələlərdə də qarşılıqlı anlayış və həmrəylik nümayiş etdirir. Mühitə dair çağırışlar, xüsusilə də iqlim dəyişikliyi və təbii resursların qorunması istiqamətində əməkdaşlıq son illərdə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Xəzər dənizinin ekoloji vəziyyəti və onun gələcəyi region ölkələrinin birgə məsuliyyətini tələb edən strateji məsələlərdən biridir. Dövlət başçısı bu problemin həm ekoloji, həm də iqtisadi təhlükəsizlik müstəvisində ciddi nəticələr doğura biləcəyini vurğulayaraq, bütün Xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib: "Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir".

Kamran Bayramov qeyd edib ki, Xəzər dənizinin ekoloji tarazlığının qorunması və dayazlaşmanın fəsadlarının aradan qaldırılması tək bir ölkənin deyil, bütün region dövlətlərinin birgə məsuliyyətidir. Ortaq səylər və koordinasiyalı yanaşma nəticəsində Xəzər dənizinin təbii tarazlığını qorumaq, onun gələcək nəsillər üçün ekoloji baxımdan sağlam və sabit bir su hövzəsi kimi saxlanılması mümkün olacaq.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
156
azerbaijan-news.az

1Mənbələr