"Araz Vadisi" Sənaye Parkında soyutma avadanlıqları istehsal olunacaq
Artıq neçə zamandır Azərbaycanda icra edilən iqtisadi islahatların əsas hədəflərindən biri, bəlkə də birincisi qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Bu məqsədlə ölkədə qanunvericilik bazasında ciddi dəyişikliklər aparılmış, o cümlədən idarəetmədə inzibati üsullardan imtina edilmişdir.
Ən önəmlisi bu sahə investisiya üçün açıq elan edilmiş və sərmayəçilərə bir sıra əsaslı güzəştlər tətbiq olunmuşdur. Bu imkandan isə yerli və xarici sahibkarlar yetərincə istifadə edirlər. Ölkədə məhsul istehsalında və ixracda qeyri-neft-qaz sənayesinin payının ildən-ilə artması onu göstərir ki, icra edilən bu kimi islahatlar öz müsbət nəticəsini verir.
Müsbət nəticəsini verən tədbirlərdən biri də sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Bu gün sənaye zonalarında çalışan sahibkarlar dövlətin bir çox güzəştlərindən kifayət qədər yararlanırlar. O səbəbdən son illər Azərbaycanda ən çox sərmayə sənaye zonalarına yatırılır. Yerli sahibkarlarla yanaşı, xarici investorlar da Azərbaycanın müxtəlif coğrafiyalarında yaradılan sənaye zonalarına maraq göstərirlər. Bu da təbiidir. Təkcə cari ilin 9 ayında yerli və xarici sərmayədarlar dövlətin sənaye zonalarında tətbiq etdiyi idxal ƏDV-si və gömrük güzəştlərindən yararlanaraq 524,5 milyon manat vəsaitə qənaət etmək imkanı qazanıblar.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarının rezidentlərinə də geniş vergi və gömrük güzəştləri tətbiq olunur. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu il oktyabrın əvvəlinədək Ağdam və "Araz Vadisi" sənaye parklarının rezidentlərinə 232 təsdiqedici sənəd təqdim olunub. Həmin sənədlər əsasında sahibkarlar idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 11 milyon manata yaxın vəsaitlərinə qənaət ediblər. Təkcə bu ilin ilk doqquz ayında 133 təsdiqedici sənəd verilib ki, bu da sahibkarlara 4,2 milyon manat qənaət imkanı yaradıb.
Məlumatda həmçinin bildirilir ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən böyük güzəştlərdən faydalanırlar. Xatırladaq ki, rezident sahibkarlar 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən azaddırlar. Bundan əlavə, istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı da ƏDV və gömrük rüsumları ödənilmir. Dövlətin təqdim etdiyi bu güzəştlər və təsdiq-edici sənədlər sahibkarlara mühüm maliyyə üstünlükləri qazandırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə sənaye fəaliyyətinin stimullaşdırılmasına marağı artırır.
Məlumatda Ağdam və "Araz Vadisi" sənaye parklarına investisiya qoyuluşunun məbləği də açıqlanıb. Bildirilib ki, indiyə qədər adları çəkilən sənaye parklarına 200 milyon manat investisiya yatırılıb. Bu sənaye zonalarında 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar qeyri-rezident kimi qeydiyyata alınıb.
"Sənaye parklarında 14 müəssisə fəaliyyət göstərir, 1000-dən artıq daimi iş yeri yaradılıb. Maraqlı məqamlardan biri budur ki, Ağdam Sənaye Parkındakı müəssisələrin sayı işğaldan əvvəl bölgədə mövcud olmuş müəssisələrin sayından çoxdur. Bununla da Ağdam öz əvvəlki sənaye nüfuzunu bərpa edib", - deyə agentlikdən bildirilib. Buna baxmayaraq, sözügedən sənaye parklarında yeni istehsal müəssisələrinin sayı artmaqda davam edəcək. Artıq sənaye parklarında rezident olmaq üçün sahibkarlar 10-dan çox yeni layihə təqdim ediblər. Əsas istiqamətlər tikinti materialları, mebel, tekstil və məişət məhsullarının istehsalı olacaq. Agentlikdən verilən məlumata görə, "Araz Vadisi" Sənaye Parkında 8 milyon manat investisiya ilə soyutma avadanlıqlarının istehsalı müəssisəsi qurulacaq və orada ildə 5 növ 3680-dən çox avadanlıq istehsal ediləcək. Ağdam Sənaye Parkında isə dəyəri 6 milyon manat olan mebel fabriki fəaliyyətə başlayacaq. Müəssisədə müxtəlif təyinatlı mebellər, yumşaq panellər və metal aksesuarlar istehsal olunacaq. Bu iki müəssisənin işə düşməsi isə əlavə olaraq 100-ə yaxın daimi iş yeri yaratmağa imkan verəcək.
Rüstəm KAMAL,
"Azərbaycan"