AZ

Ağstafa üzümçüləri xarici bazarlara çıxmaq istəyirlər

Əsasən kənd təsərrüfatı məhsulları istehsalının artırılması hesabına ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi bu gün dövlətin strateji hədəflərindəndir. Aqrar islahatların, bu sektora verilən dövlət dəstəyinin də məqsədi həmin hədəfə yönəlib. 

Ölkənin aqrar sektorunda fərqlənən rayonlardan biri də Ağstafadır. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonda  əvvəlki illərdə olduğu kimi, bu il də uğurlu göstəricilərə nail olunur. Bunun əsas səbəbi kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün bütün imkanlardan maksimum istifadə edilməsidir. Konkret rəqəmlərə keçək. Bu il rayon üzrə 8512,1 hektarda taxıl yetişdirən fermerlər hər hektar buğda sahəsindən 34,2, arpa sahəsindən 26,1 sentner məhsul götürmüşlər. 477,3 hektarda əkilən qarğıdalı sahəsinin hər hektarından isə 45,6 sentner məhsul əldə edilmişdir. Günəbaxan, bostan, tərəvəz istehsalı da xeyli artmışdır. Kartof istehsalına gəldikdə, 673 hektar sahənin hər hektarından 266 sentner məhsul toplanmışdır.

Rayon üzümçüləri də bu il yüksək göstəriciyə nail olurlar. Hazırda bağlarda üzüm yığımı davam edir. 500,9 hektar üzüm bağında yetişdirilən məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. 

Əvvəllər olduğu kimi, bu il də "AZ Konsalt" MMC  bağlarda bol məhsul yetişdirmişdir. Keçən il 68 hektarda texniki üzüm sortu yetişdirən kollektiv 700 ton məhsul əldə etmişdir. Bu il məhsuldarlıq bol olduğundan bağbanlar həmin rəqəmi 800 tona çatdırmağı qarşılarına məqsəd qoymuşlar. 

Rayonda bol üzüm yetişdirən kəndlərdən biri də Pirili kəndidir. Keçən il hər hektardan 60 ton məhsul götürən fermer Şamil Allahverdiyev cari il bu rəqəmi 80 tona çatdırmaq istəyir. Poylu kəndindən Qurban Aslanov isə 3 hektar üzüm bağından 20 ton məhsul gözləyir. Fermerin fikrincə, əsas məsələ istehsal olunan üzümün vaxtında satılmasıdır. Amma bu istiqamətdə bir sıra əngəllər var. Əsas problem məhsulu qonşu Rusiya bazarlarına ixrac etməkdədir ki, bunun həlli ilə də gərək hər iki ölkənin əlaqəli qurumları məşğul olsunlar. 

S.YUNİSOĞLU,

"Azərbaycan"

Seçilən
95
azerbaijan-news.az

1Mənbələr