AZ

Tanımadığı şəxsi çiyninə toxunduğuna görə bıçaqladı, 6 il 6 ay həbs cəzası aldı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əkrəm Pənahovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 09 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Bakoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.


Belə ki, 1975-ci il təvəllüdlü Əkrəm Pənahov pilləkənlərdə rastlaşdığı zərərçəkmiş İntiqam Yaşarovun (adı, soyadı şərtidir) təsadüfən onun çiyninə toxunmasını cüzi səbəb kimi bəhanə gətirib. O, bu səbəbdən zərərçəkmişi yerə yıxıb qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrindən zərbələr vurub. Sonra Əkrəm İntiqamın ayağa qalxıb oradan uzaqlaşmaq istəyinə məhəl qoymadan xuliqanlıq niyyəti ilə cib bıçağı ilə qəsdən onun bədən nahiyəsindən iki dəfə vuraraq xəsarətlər yetirib.


Hadisədən sonra Əkrəm Pənahov saxlanılaraq cinayət məsuliyyətinə cəl edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilib.

 

Kamal Məmmədov 

Tarix: 21 Oktyabr 2025, 08:47   
Seçilən
73
pravda.az

1Mənbələr