Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsmayıl Şabanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, İsmayıl Şabanov 28 aprel 2024-cü il tarixdə, gecə saatlarında şəxsi münasibətlər zəminində qohumu ilə yaranmış mübahisəyə görə qisas almaq məqsədilə hərəkət edib. O, idarə etdiyi “Toyota Prius” markalı avtomobillə əvvəlcədən razılaşdırılmış ünvana – Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən “Beşmərtəbə” adlanan əraziyə gedərək zərərçəkmiş Məcid Məcidovu (adı, soyadı şərtidir) görən kimi avtomobili yüksək sürətlə onun üzərinə sürüb, divara sıxaraq ağır bədən xəsarətləri yetirib. Zərbənin nəticəsində zərərçəkmişin sol qamış sümüyünün qəlpəli sınığı və sağ ayağında açıq sınıq aşkarlanıb, əməliyyat olunub və həyat üçün təhlükəli hesab edilən ağır dərəcəli xəsarətlər alıb. Bundan sonra İsmayıl Şabanov avtomobildən çıxardığı domkrat dəmir hissəsi ilə Məcidin baş nahiyəsinə də zərbə endirib, ona yüngül xəsarət yetirməklə cinayət əməllərini davam etdirib. Beləliklə, o, qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Şabanov 4 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi sonradan bu cəzanı 3 ilə endirib. Lakin dövlət ittihamçısının kassasiya protestinə əsasən Ali Məhkəmə həmin qərarı qismən ləğv edərək, işin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Kamal Məmmədov