AZ

Beliz ABŞ-yə yönələn miqrantlar üçün tranzit məntəqəsinə çevrilə bilər

Yeni razılaşma miqrasiya siyasətində dönüş nöqtəsi hesab olunur...

Poliqon xəbər verir ki, Beliz hökuməti ABŞ-yə getmək istəyən miqrantları qəbul etməyə hazır olduğunu bəyan edib. AFP agentliyinin məlumatına görə, miqrantlar Beliz ərazisində sığınacaq müraciətlərinə dair qərar verilənədək qalacaqlar.

Məlumata əsasən, iki ölkə arasında bununla bağlı xüsusi razılaşma əldə olunub. Sazişə görə, Beliz “üçüncü təhlükəsiz ölkə” statusu alaraq miqrantların müvəqqəti yerləşdirilməsi məkanı kimi çıxış edəcək. Razılaşma yalnız Beliz Senatı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Bu qərar ABŞ prezidenti Donald Tramp administrasiyasının sərtləşdirilmiş miqrasiya siyasəti fonunda qəbul edilib. Belə ki, sentyabr ayında imzalanan yeni fərmana əsasən, xarici ixtisaslı işçilər üçün nəzərdə tutulan H-1B vizalarına sahib olmaq istəyən şirkətlərdən 100 min dollarlıq əlavə rüsum tutulacaq. Avqustda isə ABŞ Dövlət Departamenti 55 milyonadək əcnəbinin aktiv vizalarını yoxlamağı planlaşdırdığını açıqlayıb — məqsəd qanun pozuntularını aşkar etməkdir.

Bundan əlavə, ölkə daxilində qanunsuz yaşayan şəxslərin müəyyənləşdirilməsi və deportasiyası istiqamətində reydlər də davam edir. Ekspertlər hesab edirlər ki, Belizlə əldə olunan bu yeni razılaşma ABŞ-ın miqrasiya axınını nəzarət altında saxlamaq planının mühüm tərkib hissəsinə çevriləcək.

Poliqon.info

Seçilən
65
poliqon.info

1Mənbələr