AZ

Bakıda “Prius”un sürücüsünə 100 manatlıq saxta əsginas verildi - CƏZA

Bakı Apellyasiya Məhkəməsində satış məqsədi ilə saxta pul əldə etmədə təqsirləndirilən Fərəc İmranovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Fərəc İmranov istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən satış məqsədi ilə poliqrafik üsulla hazırlanmış, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan əskinaslardan texnoloji xüsusiyyətlərinə görə fərqlənən 100 manatlıq saxta əsginas əldə edib.


Belə ki, o, 22 mart 2024-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Arzu” restoranının yaxınlığında sifariş etdiyi “Prius” markalı taksidə gediş haqqını ödəyərkən sürücü, zərərçəkmiş Kəramət Həsənova (adı, soyadı şərtidir) həmin saxta 100 manatlıq əsginası təqdim edib. Fərəc bu yolla 5 manatlıq gediş haqqını çıxmaqla sürücüdən 95 manat qalıq pul alaraq zərərçəkmişə maddi ziyan vurub və saxta pul dövriyyəsinə daxil edib.


Bundan başqa, təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,641 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib və üzərində saxlamağa davam edib. 21 avqust 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Stansiya Qala” adlanan ərazidə o, digər cinayət işi üzrə axtarışda olarkən Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Həmin gün saat 17:40-da aparılan şəxsi baxış zamanı Fərəcin əynindəki ağ rəngli şortikin cibindən şəffaf sellofan paketə bükülmüş, 0,641 qram təmiz çəkidə metamfetamin aşkar edilərək götürülüb.


Onun barəsində Cinayət Məcəlləsinin 204.1 (saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma) və 234.1-ci (satış məqsədi olmadan psixotrop maddə əldə etmə və saxlama) maddələri ilə təqsirli ittiham irəli sürülüb.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fərəc İmranov 5 il 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Kamal  Məmmədov 

Tarix: 21 Oktyabr 2025, 09:17   
Seçilən
38
pravda.az

1Mənbələr