Heç bir dövlətin Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin Macarıstana uçmasını qadağan etmək səlahiyyəti yoxdur.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyasının əməkdar pilotu Yuri Sıtnik “Regnum”a bildirib.
Onun sözlərinə görə, bütün uçuşlara baş ofisi Brüsseldə yerləşən “Eurocontrol” nəzarət edir. Bu təşkilat Avropa və Asiyanın bəzi hissələri üzərində hava hərəkətinin koordinasiyasına, qitənin hava məkanına vahid nəzarətin təmin edilməsinə cavabdehdir.
Ekspert qeyd edib ki, hazırkı sistem tamamilə bütün uçuşları, o cümlədən prezident uçuşlarını izləyir. Lakin məhdudiyyətlər və sanksiyalar bu cür uçuşlara şamil edilmir. Sıtnikin sözlərinə görə, dövlətlərin Rusiya Federasiyasının rəhbərini daşıyan təyyarənin marşrutunu bağlamağa haqqı yoxdur.
O, həmçinin vurğulayıb ki, belə uçuşların təhlükəsizliyi Rusiyanın çoxsaylı müşahidə sistemləri ilə təmin edilir və ölkənin Silahlı Qüvvələri uçuş müddətində tam döyüş hazırlığı vəziyyətində olur.