Moskvanın Lefortovo istintaq təcridxanasında saxlanılan Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popovun səhhəti pisləşib. Buna baxmayaraq, o, Rusiya prezidenti Vladimir Putinə müraciət etmək fikrində deyil.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Denis Saqaç "Daily Storm"a bildirib.
Müdafiəçisinin sözlərinə görə, müvəkkilinin vəziyyəti ciddi narahatlıq doğurur. Onurğanın və fəqərəarası diskin çıxarılması üçün əməliyyatdan sonra general yalnız gəzinti aparatıyla hərəkət edə bilir və şiddətli ağrılar keçirir. Saqaç onun üç həftədir ailəsindən yemək qəbul etmədiyini qeyd edib.
Vəkil elan edib ki, müdafiə tərəfi həbsin ev dustaqlığına dəyişdirilməsi üçün vəsatət vermək niyyətindədir, çünki 68 yaşlı Popov uzunmüddətli reabilitasiya tələb edir. O, həbsdə olarkən 40 kiloqramdan çox arıqlayıb.
Qeyd edək ki, general əvvəllər bütün ittihamları, o cümlədən vəzifə pozuntusu, külli miqdarda dələduzluq və digər korrupsiya pozuntularını rədd edib.