AZ

Gümrü şəhərinin meri həbs edildi

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məhkəmə gecə boyu həbslə bağlı vəsatəti araşdırıb və səhər saatlarında müşavirə otağına çəkilib.

Qeyd edək ki, oktyabrın 20-si səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasında axtarış aparıblar. Daha sonra məlum olub ki, Qukasyan və daha yeddi nəfər rüşvət almaqda ittiham olunaraq saxlanılıblar. 

Eyni zamanda, Qukasyanın tərəfdarları binanın qarşısında toplaşıb. Əraziyə xüsusi təyinatlılar cəlb olunub. Polis və etirazçılar arasında gərginlik və qarşıdurmalar yaşanıb. 

İstintaqın məlumatına görə, mer və meriyanın baş memarı Gareginy Njde küçəsində sahəsi təxminən 1,5 min kvadratmetr olan qanunsuz tikilinin sökülməməsi üçün sahibindən təxminən 10 min dollar rüşvət alıblar.

"Sputnik Ermənistan"ın məlumatına əsasən, söhbət “Fabrika” mağazalar şəbəkəsinin sahibi, iş adamı Sevak Qomcyandan gedir.

Ermənistan İstintaq Komitəsi Qukasyanı müdafiə edən aksiyanın bəzi iştirakçılarına qarşı “kütləvi iğtişaşlar” maddəsi ilə cinayət işi açıb. Ümumilikdə 30-dan çox etirazçı saxlanılıb.



Seçilən
218
news24.az

1Mənbələr