İsveçrə səfiri Tomas Ştəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda yeni molekulyar biologiya laboratoriyasının açılış mərasimində iştirak edib.
Hafta.az-ın yazdığına görə, laboratoriya, İsveçrə Milli Elm Fondunun maliyyələşdirdiyi TreeFunAZ layihəsi çərçivəsində, İsveçrə Meşə, Qar və Landşaft Tədqiqatları Federal İnstitutunun (WSL) dəstəyi ilə yaradılıb. Bu layihə WSL-in Fitopatologiya Tədqiqat Qrupu ilə Bakıda yerləşən Botanika İnstitutu arasında birgə elmi əməkdaşlığı əhatə edir.

Layihənin məqsədi göbələklərin və mikroorqanizmlərin meşə sağlamlığına təsirini öyrənmək və Azərbaycanın molekulyar analiz sahəsində potensialını gücləndirməkdir. Bu, xüsusilə vacibdir, çünki meşə ekosistemləri getdikcə iqlim dəyişikliyi və invaziv zərərvericilər tərəfindən təhdid olunur. Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqeyi və logistika mərkəzi kimi artan rolu nəzərə alınaraq, ağaclarla əlaqəli göbələklərin öyrənilməsi və monitorinqi Avropa meşələrinə zərərli orqanizmlərin yayılmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Səfir Ştəli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi Müəssisələrlə Əməkdaşlıq Şöbəsinin müdiri İltifat İbrahimov belə təşəbbüslərin elmi əməkdaşlığın inkişafında və dayanıqlı ekoloji tədqiqatların təşviqində mühüm rol oynadığını vurğulayıblar.