AZ

Regional iqlim, yoxsa hibrid müharibə... Xarici qüvvələrin hava şəraitinə müdaxiləsi barədə heç bir sübut yoxdur

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyəli jurnalist Murat Akan təqribən 5 ildən bəri meşə yanğınlarının normal olmadığını və bunun hibrid müharibə üsulu olduğunu dəfələrlə bildirdiyini söyləyib. Jurnalistin iddiasına görə, Birləşmiş Millətlər Təşkilatı bəyanat yayıb ki, Türkiyə Cümhuriyyətinin 2030-cu ildə 88 %-i səhraya çevriləcək: “Şüurlu şəkildə kənardan bir müdaxilə var. Bununla bağlı dövlətin təcili Milli Kəşfiyyatı məsələni nəzarətə götürməlidir. Bu, eyni zamanda hərbi tədqiqatı tələb edir, çünki hava şəraitinə müdaxilə etmək artıq uşaq oyuncağı olub. İnsanlar süni yağışların yağdırılmasına inanır, amma süni yanğınların baş verməsinə inanmır. Niyə inanmırsınız? Guya piknikdən olub, ya da quşlar naqillərin üstünə qonur, ondan yanğın qaynaqlanır kimi cəfəngiyyatların çox üzərində bir vəziyyətdir bu”.Ölkəmizi kənar müdaxilə ilə süni yağış yağdırılması və ya süni istiləşmə yaradıla biləcəyi kimi təhlükə gözləyirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki, Aralıq dənizi hövzəsində yerləşən bütün ölkələr eyni miqyasda istilik və yanğın dalğaları ilə üzləşiblər.

Rövşən Abbasov

“Murat Akanın iddiaları elmi və rəsmi məlumatlarla təsdiqlənmir. Türkiyədə son illərdə baş verən meşə yanğınları əsasən iqlim dəyişikliyi, artan istilik dalğaları, uzunmüddətli quraqlıqlar və insan fəaliyyətinin təsiri (nəzərsiz atılan tütün məmulatı, nəzarətsiz piknik atəşi, enerji xətləri, kənd təsərrüfatı yandırmaları və s.) ilə əlaqələndirilir.

Türkiyə Meşə Baş İdarəsinin (OGM) və BMT-nin rəsmi hesabatlarında xarici qüvvələrin hava şəraitinə müdaxiləsi və ya süni şəkildə yanğın törədilməsi barədə heç bir sübut yoxdur. Əksinə, 2021–2023-cü illərdə yayılan məlumatlara görə, Aralıq dənizi hövzəsində yerləşən bütün ölkələr – İspaniya, Yunanıstan, İtaliya və Fransa da daxil olmaqla – eyni miqyasda istilik və yanğın dalğaları ilə üzləşiblər. Bu, regional iqlim prosesidir, lokal “hibrid müharibə” deyil.

BMT-nin “Türkiyənin 2030-cu ildə 88 %-i səhraya çevriləcək” kimi bir bəyanatı da mövcud deyil. BMT və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabatlarında yalnız torpaq deqradasiyası riski və meşə örtüyünün azalma ehtimalı barədə xəbərdarlıqlar yer alır. Lakin bunlar iqlim dəyişikliyi və yanlış torpaq idarəçiliyi ilə əlaqələndirilir, hərbi və ya süni müdaxilə ilə yox. Yəni meşə yanğınlarını “kənardan idarə olunan savaş” kimi təqdim etmək elmi əsasdan məhrumdur və iqlim dəyişikliyi ilə bağlı real problemlərin üstünü örtür”-deyə Rövşən Abbasov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
132
bizimyol.info

1Mənbələr