AZ

Etibarlı əməkdaşlığın mühüm göstəricisi



Qazaxıstanın “Kazinform” agentliyinə cənab Prezident İlham Əliyev geniş məzmunlu müsahibə verib. Dövlət başçısı söhbət zamanı Azərbaycanın Qazaxıstanla enerji, nəqliyyat, ticarət və logistika sahələrində əməkdaşlığı haqqında ətraflı danışıb.Cənab Prezident qeyd edib ki, neft-qaz sektorunda əməkdaşlığın əsas nümunələrindən biri SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau–Ceyhan marşrutu üzrə imzalanmış sazişdir. Bu sazişə əsasən, hər il 1,5 milyon ton Qazaxıstan nefti Azərbaycanın ərazisindən tranzit olunacaq. Bu, yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi cəhətdən mühüm addımdır. Çünki bu layihə Xəzər regionunda enerji marşrutlarının müxtəlifləşməsini təmin edir və Qazaxıstan neftinin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir.
Azərbaycan uzun illərdir ki, qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Xəzər hövzəsinin enerji ehtiyatlarını beynəlxalq bazarlara təhlükəsiz şəkildə çatdıran Azərbaycan, 14 ölkəyə təbii qaz tədarük edir və bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, ölkəmiz günəş, külək və hidroenerji sahələrində regionun aparıcı bərpaolunan enerji istehsalçılarından birinə çevrilib. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan “yaşıl enerji” üzrə strateji tərəfdaşlıq sazişi, Xəzər–Qara dəniz marşrutu vasitəsilə ekoloji təmiz elektrik enerjisinin ixracını reallaşdırmağı hədəfləyir.
Cənab Prezident İlham Əliyev həmçinin bildirib ki, 2024-cü ildə Qazaxıstanla tranzit həcmlərinin tədricən artırılması və tariflərin endirilməsini nəzərdə tutan əlavə saziş imzalanıb. Bu razılaşma regionun nəqliyyat və iqtisadi sabitliyinin qorunmasına əhəmiyyətli töhfə verir. Enerji əməkdaşlığını dəstəkləyən əsas amillərdən biri Orta Dəhliz — Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Aktau və Ələt limanlarında aparılan modernləşdirmə işləri, yeni logistika mərkəzlərinin yaradılması və dəmir yolu parkının yenilənməsi bu marşrutun Asiya ilə Avropa arasında əsas tranzit xəttinə çevrilməsini təmin edir. Azərbaycan və Qazaxıstanın birgə səyləri nəticəsində enerji, yükdaşımalar və sənaye sahələrində qarşılıqlı inteqrasiya getdikcə güclənir.
Gəmiqayırma sənayesində əməkdaşlıq da iki ölkə arasında strateji tərəfdaşlığın önəmli istiqamətlərindəndir. Xəzər dənizində neft və digər yüklərin daşınması üçün yeni nəsil gəmilərin birgə istehsalı, texnoloji bazanın təkmilləşdirilməsi və sənaye əməkdaşlığı təşəbbüsləri regionun istehsal potensialını artırır. Bu sahədəki əməkdaşlıq həm də yerli sənaye imkanlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan–Qazaxıstan əlaqələri təkcə iqtisadi və enerji sahələri ilə məhdudlaşmır, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərin siyasi və strateji əməkdaşlıq üzərində qurulub.
2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilən Zirvə Görüşündə imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” ilə TDT-nin əsası qoyulub və Azərbaycanla Qazaxıstan onun təsisçi üzvləridir. Hər iki ölkə təşkilatın inkişafında mühüm rol oynayır. Zirvə görüşlərində qəbul edilən bəyannamələr Türk dünyasının siyasi, iqtisadi və müdafiə gücünü artırmaqla, onu beynəlxalq arenada güclü mərkəzə çevirməyə yönəlib.
Son illərdə keçirilən Şuşa və Qəbələ Zirvə görüşləri Azərbaycan və Qazaxıstan arasında siyasi etimadın və qarşılıqlı anlaşmanın daha da möhkəmləndiyini göstərib. Enerji, nəqliyyat, sənaye və mədəniyyət sahələrində imzalanan çoxsaylı razılaşmalar iki ölkə arasında qarşılıqlı hörmətə, inama və strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmliyini nümayiş etdirir. Bu münasibətlər təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, eyni zamanda Türk dünyasının birliyinə və Avrasiya məkanında sabitliyin qorunmasına xidmət edir.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Seçilən
2
aia.az

1Mənbələr