
Avropa İttifaqı (Aİ) Qara dəniz və Orta Asiya ölkələri ilə ortaq sahələrdə əməkdaşlığın inkişafı barədə razılığa gəldiklərini açıqlayıb.
Regionlararası təhlükəsizlik və əlaqə nazirləri toplantısı Lüksemburqda keçirilib.
Toplantıda Aİ-ni xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Kaya Kallas, Aİ Komissiyasının genişlənmədən məsul üzvü Marta Kos və beynəlxalq tərəfdaşlıqlardan məsul üzv Yozef Sikela təmsil edib.
Aİ Şurasının yaydığı açıqlamada bildirilib ki, bu gün keçirilən toplantıya Aİ ölkələri, Azərbaycan, Türkiyə, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan nümayəndələr qatılıb.
Qara dəniz ölkələri ilə keçirilən iclasda regionda təhlükəsizlik və sabitlik məsələlərinin müzakirə olunduğu, Orta Asiya ölkələrinin iştirakı ilə keçirilən ikinci iclasda isə regionlararası əlaqələrin gündəmə gətirildiyi qeyd olunub.
Açıqlamada Aİ, Qara dəniz və Orta Asiya ölkələrinin ortaq sahələrdə əməkdaşlığı artırmaq, daha əlaqəli, təhlükəsiz və firavan regionları təşviq etmək istiqamətindəki qətiyyətlərini vurğuladıqları bildirilib.
Açıqlamada qeyd olunub ki, Qara dəniz beynəlxalq ticarət, taxıl, enerji və kritik xammalın daşınması, eləcə də qlobal təhlükəsizlik baxımından strateji rol oynayır və buna görə də geostrateji cəhətdən böyük əhəmiyyətə malikdir. Region ölkələri arasında əməkdaşlığın burada təhlükəsizlik və sabitliyin təmin olunması üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.
Qara dəniz ölkələrinin iştirakı ilə keçirilən iclasda nümayəndələrin dəniz təhlükəsizliyinin artırılması istiqamətində əməkdaşlığın dərinləşdirilməsinə dair təklifləri müzakirə etdiyi qeyd edilərək, “Aİ üzv dövlətlərin və tərəfdaşların müşahidə və nəzarət, kritik infrastrukturun qorunması və hibrid təhdidlərə qarşı mübarizə qabiliyyətlərini artırmaq səylərini dəstəkləməyə hazırdır” – ifadəsinə yer verilib.
Qara dəniz və Orta Asiya ölkələrinin qatıldığı iclasda Transxəzər Nəqliyyat Dəhlizi də daxil olmaqla regionlar arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələsinin müzakirə edildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, rəqəmsal əlaqə sahəsində ticarət, innovasiya və kritik infrastrukturun təhlükəsizliyini artırmaq üçün yüksək sürətli internetin genişləndirilməsi hədəflənir.
Eyni zamanda bərpa olunan enerji sahəsində əlaqələrin inkişaf etdirilməsinin də nəzərdə tutulduğu qeyd edilərək, “Regional ticarətin asanlaşdırılması üçün əməkdaşlıq gömrük prosedurlarının daha uyğunlaşdırılmış, sadə və rəqəmsal hala gətirilməsini təmin edəcək, sərhədlərarası ticarəti asanlaşdıracaq, özəl sektorun maliyyəsini cəlb edəcək və bazar inteqrasiyasını artıracaq” – ifadəsi qeyd olunub.
Tərəflərin regionlararası əlaqələrin inkişafı üçün ortaq prioritetlərə əsaslanan effektiv koordinasiya çərçivəsinə ehtiyac duyulduğunu qəbul etdikləri, Aİ-nin bu istiqamətdə üzv ölkələr və tərəfdaşların səylərini dəstəkləməyə hazır olduğu vurğulanıb.