AZ

Yaponiyanın ilk qadın Baş naziri seçildi, amma kefsizdir

Çünki ərzaq qiymətləri ilk sınaq olacaq

Takaişi, Yaponiyanın iqtisadi çətinliklər, parçalanmış və çıxılmaz vəziyyətə düşmüş siyasət dövründə hakimiyyətə gəlib


Sərt mühafizəkar Sanaa Takaişi Yaponiyanın ilk qadın baş naziri kimi tarixə keçib. Böyük Britaniyanın məşhur “Dəmir Ledi”si Marqaret Tetçerdən ilham alan yeni baş naziri çətin günlər gözləyir. Bəs Yapon siyasətində kişi üstünlüyünü sındıran Takaişi kimdir?

Sherg.az xəbər verir ki, sərt mövqeyi ilə tanınan mühafizəkar Sanaa Takaişi bir neçə həftə davam edən siyasi çəkişmələrdən sonra parlamentdə keçirilən səsvermədə ölkənin ilk qadın baş naziri seçilərək tarix yazıb.
“Reuters” xəbər verir ki, Takaişi aşağı palatada 465 yerdən 237 səs toplayaraq çoxluğu əldə edib. Yuxarı palatada isə o, əsas müxalifət partiyası olan Konstitusiya Demokrat Partiyasının lideri Yoşihiko Nodaya qarşı keçirilən ikinci turda 125 səs alıb.
Takaişinin qələbəsi, kişilərin hələ də üstünlük təşkil etdiyi Yaponiyada “şüşə tavanı qırdı”. Bununla belə, ABŞ-ın yaxın müttəfiqi olan Yaponiyanı siyasi baxımdan daha sağ yönə istiqamətləndirdi.

“Dəmir Ledi”nin pərəstişkarı

Takaişi, Yaponiyanın iqtisadi çətinliklər, parçalanmış və çıxılmaz vəziyyətə düşmüş siyasət dövründə hakimiyyətə gəlib. Qeyd edək ki, yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfər edəcək.
Əvvəllər iqtisadi təhlükəsizlik və daxili işlər naziri vəzifəsində çalışmış Takaişi, ilham mənbəyi kimi Böyük Britaniyanın sabiq baş naziri, “Dəmir Ledi” ləqəbli Marqaret Tetçeri göstərir.
O, həm də “heavy metal” musiqisinin pərəstişkarıdır.

Ərzaq qiymətləri - ilk sınaq

Yeni baş nazirin ilk ciddi problemlərindən biri yüksək ərzaq qiymətləri olacaq. Məsələn, Yaponiyanın əsas qida məhsulu olan düyünün qiyməti ötən illə müqayisədə demək olar ki, iki dəfə artıb.
Bundan əlavə, doğum səviyyəsinin aşağı düşməsi, işçi qüvvəsinin azalması və yaşlı əhalinin artması da ölkənin uzunmüddətli problemləri sırasındadır. Kütləvi miqrasiyaya qarşı ictimai narazılıq da artır.
Digər tərəfdən, Tramp administrasiyasının ticarət siyasəti və ilin əvvəlində Asiya iqtisadiyyatlarını sarsıdan gözlənilməz gömrük rüsumları da hökumətin gündəmində olacaq.

Ailə dəyərləri və mühafizəkar baxışlar

Takaişi eyni cinsli evliliklərə və evli cütlüklərin fərqli soyad daşımasına qarşı çıxır.
“CNN International” yazır ki, onun dərin mühafizəkar baxışları bəzi mərkəzçi partiya üzvlərini narahat edib.
O, həmçinin Yaponiyanın pasifist konstitusiyasının dəyişdirilməsini dəstəkləyir və İkinci Dünya Müharibəsi dövründə hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərin adlarının yazıldığı mübahisəli Yasukuni məbədini tez-tez ziyarət edir.

“Dəmir Ledi”yə bənzər siyasi üslub

Takaişinin heyranlıqla baxdığı Marqaret Tetçer siyasətdə uzlaşmanı rədd edən sərt mövqeyi ilə tanınırdı.
Tetçer hakimiyyəti dövründə həmkarlar ittifaqlarına ciddi zərbə vurmuş, sosial mənzillərdən dəmir yollarına və enerji sektoruna qədər bir çox sahədə kökündən özəlləşdirmə siyasəti aparmışdı.
Yaponiyanın ilk qadın baş naziri olan Sanaa Takaişi indi həm ölkənin iqtisadi sabitliyi, həm də cəmiyyətin dəyərləri arasında çətin tarazlıq tapmalı olacaq. Bəzi müşahidəçilərə görə, Asiyanın yeni “Dəmir Ledi”si dövrü artıq başlayıb.

Seçilən
89
sherg.az

1Mənbələr