Mütəxəssislər 50 yaşdan yuxarı qadınlara hər axşam açıq havada qısa gəzintiləri gündəlik vərdişə çevirməyi tövsiyə edirlər. Onların fikrincə, 15–20 dəqiqəlik axşam gəzintisi postmenopoz dövründə olan qadınlarda ürək-damar xəstəliklərinin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Mütəxəssis Matis bildirib ki, orta dərəcədə fiziki aktivlik qan təzyiqinin normallaşmasına və ürəyin yükünün azalmasına kömək edir. Gəzinti həmçinin aterosklerozun qarşısını alan və “yaxşı” xolesterin kimi tanınan yüksək sıxlıqlı lipoproteinlərin (HDL) səviyyəsini artırır.
Onun sözlərinə görə, açıq havada gəzinti kortizol və digər stress hormonlarının səviyyəsini tənzimləyir, bu da damar divarlarını qoruyur və ürək ritmini sabit saxlayır.
Mütəxəssis əlavə edib ki, menopoz dövründə qadın orqanizmində baş verən hormonal dəyişikliklər — xüsusilə estrogen və progesteron səviyyəsinin azalması — stressə qarşı dözümlülüyü azaldır, əsəbilik və narahatlıq riskini artırır. Bu da dolayısı ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.
“Menopoz dövründə psixo-emosional tarazlığın qorunması, xroniki stressin azaldılması və fiziki fəallığın artırılması qadınların ürək sağlamlığı üçün həlledici amildir”, — deyə həkim vurğulayıb.
//Gülnarə Abasova, Editor.az