
ABŞ-ın sabiq prezidenti Co Baydenə mayda metastatik prostat xərçəngi diaqnozu qoyulduqdan sonra tətbiq edilən şüa müalicəsinin başa çatdığı bildirilib. Baydenin ofisindən verilən açıqlamada müalicə prosesinin bir neçə həftə davam etdiyi qeyd olunub.
Baydenin sözçüsü NBC News-ə açıqlamasında 82 yaşlı sabiq prezidentin radioterapiya və hormon müalicəsi aldığını, bu prosesin təxminən beş həftə davam etdiyini bildirib. Baydenin əlavə müalicəyə ehtiyac duyub-duymayacağı isə hələlik bəlli deyil.
Qızı Eşli Bayden atasının müalicə olunduğu Pensilvaniya Universiteti Xəstəxanasında xərçəng müalicəsini tamamlayan xəstələrin simvolik olaraq etdikləri “zəng çalma” anını Instagram hesabında paylaşıb.
Xatırladaq ki, Bayden ötən ay dəridəki bədxassəli toxumaların qat-qat təmizləndiyi “Mohs cərrahiyyəsi” üsulu ilə dəri xərçəngi müalicəsi almışdı. Həmin dövrdə Bayden ictimaiyyət qarşısına alnında sarğı ilə çıxmışdı.
Bayden mayda prostat xərçənginin sümüklərinə yayıldığını açıqlamışdı. Mütəxəssislər bu cür metastatik halların prostat xərçəngi diaqnozlarının cəmi 8 faizini təşkil etdiyini və xəstəliyin adətən illərlə bədəndə səssiz şəkildə inkişaf etdiyini bildirirlər. Lakin bəzi hallarda xərçəngin çox sürətlə yayılan aqressiv növlərinə də rast gəlinir.