Ermənistan Antikorrupsiya Komitəsinin məlumatına görə, səkkiz nəfərdən beşi barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.
Musavat.com xəbər verir ki, şəhər meri barəsində həbs qətimkan tədbiri, rüşvət verənlərdən biri barəsində isə ev dustaqlığı seçilib, digərləri ilə bağlı istintaq davam edir.
Həmçinin bəzi vəzifəli şəxslərin səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul olunub.
Xatırladaq ki, söhbət Gümrü şəhər merinin və meriya əməkdaşlarının saxlanılmasından gedir.
Məlumatda deyilir:
“Mətbuatda yayılan, Gümrü icma rəhbərinin səsi olduğu iddia edilən yazıların saxta olması barədə açıqlamalara münasibətdə Antikorrupsiya Komitəsi bildirir ki, Gümrü icma rəhbəri ifadələrində həmin məzmunlu söhbətin aparılmasını nə təkzib edib, nə də təsdiqləyib. Üstəlik, o, səsinin yazılarda saxtalaşdırıldığı və ya dəyişdirildiyinə dair heç bir məlumat təqdim etməyib, yalnız öz izah və şərhlərini verib”.
Komitənin bəyanatında qeyd olunur ki, cinayət işinin istintaqı çərçivəsində dindirilmiş bir sıra şəxslər əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş faktiki məlumatların doğruluğunu təsdiqləyən etiraf ifadələri veriblər. Hazırda cinayət işi üzrə ilkin istintaq davam edir.
Xatırladaq ki, oktyabrın 1-də baş nazir Nikol Paşinyan parlamentdə belə deyib:
“Gümrünü artıq 6 aydır ki, bir klan idarə edir. Onun lideri, çoxlarına “Vardanik” kimi tanınan şəxs – yaxud ittihama görə, ictimai dəsmalları oğurlayan şəxsin atası – o qədər ifadələrə yol verib ki, hətta Ermənistanın suverenliyini açıq şəkildə şübhə altına alıb”.
Musavat.com