AZ

ABŞ-da uşaq təhlükəsizliyi səbəbi ilə Roblox-a qarşı istintaq başladılıb

ABŞ-da uşaq təhlükəsizliyi səbəbi ilə Roblox-a qarşı istintaq başladılıb

ABŞ-ın Florida ştatının baş prokuroru Ceyms Utmayr uşaqların təhlükəsizliyini təhdid etdiyi əsas gətirilərək onlayn oyun platforması Roblox barəsində cinayət istintaqı başladıldığını açıqlayıb. Respublikaçı baş prokuror platformanın uşaq istismarçıları üçün çoxalma mühitinə çevrildiyini irəli sürərək şirkəti sui-istifadələrin qarşısını almamaqda ittiham edib.

Utmayr X-da yayımladığı videoda Roblox-un “uşaqlardan pul qazanarkən onları qorumaqda uğursuz olduğunu” bildirib. “Uşaqlarımızın istismar edilməsinə icazə verdilər” – deyə o vurğulayıb və prokurorluğun platformada mümkün cinayət fəaliyyətləri ilə bağlı sübut toplamaq məqsədilə rəsmi çağırış vərəqələri göndərdiyini qeyd edib.

Roblox rəsmiləri Reuters agentliyinə açıqlamalarında bildiriblər ki, platformada söhbət bölmələrində şəkil və video paylaşımına icazə verilmir, şəxsi məlumatların paylaşılmasını əngəlləyən filtrlər tətbiq olunur və bütün istifadəçilər üçün yaşın təsdiqlənməsi sistemi işə salınacaq.

Şirkət sözçüsü deyib ki, heç bir sistem qüsursuz deyil, lakin təlim keçmiş komandalar və avtomatlaşdırılmış alətlər zərərli məzmunu aşkarlayıb silmək üçün davamlı şəkildə çalışır.

Roblox son dövrlərdə uşaq təhlükəsizliyi ilə bağlı artan hüquqi araşdırmaların mərkəzinə çevrilib. Platforma bundan əvvəl də Luiziana ştatının baş prokurorluğu tərəfindən məhkəməyə verilmişdi.

Bundan başqa, San-Fransiskoda açılmış bir işdə şirkətin yetərli təhlükəsizlik tədbirləri görmədiyi və uşaq istismarçılarının platformadan sui-istifadə etməsinə şərait yaratdığı iddia olunur.

Platforma ötən il Hindenburg Research hesabatının dərcindən sonra uşaq təhlükəsizliyi siyasətini sərtləşdirmiş, 13 yaşdan aşağı istifadəçilər üçün mesajlaşma məhdudiyyətləri, daha ciddi məzmun nəzarəti və süni intellektlə dəstəklənən izləmə sistemlərini tətbiq etmişdi.

Seçilən
97
afn.az

1Mənbələr