Ankara HƏMAS-la əlaqələrini geosiyasi üstünlüyə çevirərək bölgədə yenidən önə çıxıb...
Poliqon xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə əldə olunan Qəzza razılaşmasını ölkəsi üçün mühüm təsir vasitəsinə çevirib. Agentlik yazır ki, əvvəllər Vaşinqtonla münasibətlərdə problem yaradan Türkiyənin HƏMAS-la əlaqələri indi Ankaranın Yaxın Şərqdəki geosiyasi mövqeyini gücləndirən aktivə çevrilib.
Mənbələrin bildirdiyinə görə, HƏMAS liderləri əvvəlcə ABŞ prezidentinin ultimatumuna – israilli girovları azad etməyə və ya daha sərt hücumlarla üzləşməyə – qarşı çıxıblar. Lakin yalnız Türkiyə, özlərini siyasi himayədar saydıqları ölkə kimi, onları Trampın planını qəbul etməyə çağırdıqdan sonra razılıq veriblər.
İki regional mənbə və HƏMAS-ın iki nümayəndəsi Reuters-ə bildirib ki, Ankaranın mesajı açıq və qəti idi: “Şərtləri qəbul etməyin vaxtı çatıb.”
Ərdoğanın Qəzza razılaşmasına imza atması Türkiyənin Yaxın Şərqdə yenidən mərkəzi rol oynamaq istəyini daha da gücləndirib. Prezident tez-tez Osmanlı dövrünə istinad edərək regiondakı liderlik iddiasını qabardır. Mənbələrin sözlərinə görə, razılaşmadan sonra Türkiyə həm regional nüfuzunu, həm də ABŞ-la ikitərəfli münasibətlərdə siyasi dividendlərini artırmağa çalışır.
Poliqon.info
 
                        