“Özümü mümkün qədər inkişaf etdirməyə, həm özümün, həm də komandanın ən yaxşı versiyası olmağa çalışıram”.
Offsideplus.az xəbər verir ki, bunu “Lənkəran”nın amerikalı basketbolçusu Nmeso Nnebedumun klubun mətbuat xidmətinə verdiyi müsahibəsində deyib.
O, komandası ilə mümkün hədəflər haqqında danışıb:
- “Lənkəran” komandasından təklif aldıqda ən çox ölkə və klub haqqında nələri araşdırdın?
- Komandaya qoşulmamış bir sıra araşdırmalar apardım. Əsas öyrəndim ki, Lənkəran kənd tipli, tropik iqlimli bir yerdir və meyvələri, həmçinin çayı ilə tanınır.
- Lənkəran sənin ilk peşəkar komandandır. Peşəkar karyeranının başlanğıcını necə dəyərləndirirsən?
- Mən peşəkar karyeramın başlanğıc prosesi hər gün bir addım irəli atmaq kimi görürəm.
- Bəs Azərbaycandakı karyeranda əsas məqsədin nədir?
- Gələcəyə çox uzaqdan baxmaq istəmirəm, amma istəyirəm ki, həm komanda olaraq, həm də fərdi şəkildə uğurlu mövsüm keçirək. Bu, mənə mümkün olan ən yüksək səviyyədə oynamağa və ən yaxşı basketbolçuya çevrilməyə kömək edəcək.
- Azərbaycan çempionatının səviyyəsi barədə nə düşünürsən?
- Liqa çox rəqabətlidir. Yuxarıdan aşağıya qədər bütün komandalar güclüdür. Müxtəlif səviyyələrdən gələn oyunçular burada oynayır və hamı rəqabətə tam hazırdır.
- Komandan yalnız üç çempionat oyunundan birində qalib gəlib. Növbəti rəqib “Quba” olacaq. Qarşıdakı oyunla bağlı gözləntilərin nələrdir?
- Məqsədim oyuna tam hazır çıxmaq, qalib gəlmək və komandamızın potensialını göstərməkdir. Uğur qazanmaq üçün çətinliklərlə necə mübarizə aparmağı öyrənmək lazımdır, məncə biz də hazırda bu mərhələdən keçirik
- Bir qədər də Lənkəran şəhəri haqqında danışaq. Burada sevdiyin yerlər və yeməklər hansılardır?
- Lənkəranı bəyənirəm. Sakit yerdir, insanları isə çox mehribandır. Burda sevimli yerim şəhər mərkəzindəki Mall-dır. Ən çox xoşladığım yemək isə toyuq kababıdır.
- Lənkərandan başqa Bakıda da olmusan. Hansını daha çox bəyənirsən və niyə?
- Bakı daha böyük şəhərdir. Mən onu ABŞ-dakı Çikaqo ilə müqayisə edərdim. Gecə-gündüz yaşayan, çoxlu hərəkət və tıxac olan bir yer. Lənkəran isə daha sakit, təbiəti və heyvanları ilə dolu bir bölgədir. Mən Bakını Lənkərandan daha çox bəyənirəm, amma bilirəm ki, Lənkəran istirahət üçün çox gözəl yerdir (gülür).