Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesab edir ki, Almaniya səfiri Peter Fişerin geri çağrılması Almaniya hökumətinin çox düzgün və praqmatik qərarıdır.
APA-nın yerli bürosu xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfir Gürcüstan-Almaniya münasibətlərinə ciddi xələl gətirib.
“Almaniyanın əvvəlki səfirləri münasibətlərin inkişafına müsbət töhfələr veriblər. Səfir Fişer isə sələflərinin 30 il ərzində qurduğu münasibətləri demək olar məhv edib. Lakin bu münasibətlər tezliklə bərpa olunacaq. Belə ki, Gürcüstanla Almaniya arasında əməkdaşlıq, tərəfdaşlıq və dostluq çox qədim ənənələrə malikdir”, - Baş nazir deyib.
Kobaxidze əlavə edib ki, Almaniya yeni səfir təyin edəndən sonra Gürcüstan hökuməti onunla əməkdaşlığa açıq olacaq.
Xatırladaq ki, Almaniya Gürcüstandakı səfiri Peter Fişeri oktyabrın 19-da məsləhətləşmələr üçün geri çağırıb. Fişer 2022-ci ilin avqustundan səfir vəzifəsində çalışır.