AZ

Gürcüstanın və Azərbaycanın Coğrafiya cəmiyyətləri və Coğrafiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Baş direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Sonra o, Gürcüstanda keçirilmiş feomorfoloqların 8-ci beynəlxalq konfransı haqqında məlumat verib. Bildirib ki, həmin tədbir zamanı Gürcüstanın Coğrafiya Cəmiyyəti ilə Azərbaycanın Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanması barədə razılıq əldə olunub.

Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər həmin konfransdakı iştirakı və məruzəsi barədə çıxış edib. O qeyd edib ki, Gürcüstanın Geologiya muzeyinin rəhbərliyi Coğrafiya İnstitutu ilə əməkdaşlıq barədə memorandumun imzalaması və bunu Coğrafiya İnstitutunun 80 illik yubiley zamanı Bakıda həyata keçirilməsi haqqında təklif irəli sürüb.

Elmi şuranın iclasında Coğrafiya İnstitutunun 80, Geomorfologiya və təbii risklər şöbəsinin 75 illiyi münasibətilə Stara Tarixazərin hazırladığı “Azərbaycan elmində Azərbaycan geomorfoloqları” monoqrafiyası haqqında məlumat verilib və kitabın çapa təqdim olunması ilə bağlı qərar qəbul edilib.

İclasda, həmçinin noyabrın 15-16-da keçiriləcək IV beynəlxalq elmi-praktik konfransa hazırlıqla bağlı müzakirə aparılıb.

 

Seçilən
46
azertag.az

1Mənbələr