Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı keçirilib. Tədbirdə dəhlizin strateji əhəmiyyəti vurğulanaraq, 2030-cu ilədək Çindən Azərbaycana daşımaların həcminin 3 dəfə artacağı bildirilib.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib ki, layihə Orta Dəhlizin regional imkanlarını genişləndirərək Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığını gücləndirəcək:
"2024-cü ildə iki ölkə arasında tranzit daşımaları 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Geosiyasi dəyişikliklər fonunda Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas marşrut kimi ön plana çıxır. 2024-cü ildə bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi 63 faiz artaraq 4,8 milyon tona çatıb. Azərbaycan infrastrukturun genişləndirilməsi, Ələt limanının fəaliyyəti və rəqəmsal həllərin tətbiqi ilə bu prosesdə mühüm rol oynayır. Gələcəkdə Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası regionda yükdaşımaların daha da artmasına şərait yaradacaq".