"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq, xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır."
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bu məlumatları News365.az-a açıqlayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, həmsərhəd bölgələr, heyvanların mövsümi miqrasiya marşrutları və heyvan bazarları yüksək riskli ərazilər kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesi infeksiya törədicilərinin yayılmasına və xəstəlik riskinin artmasına səbəb ola bilər.
Epizootik sabitliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin mərhələli şəkildə tətbiq olunacağını açıqlayıb. Bu tədbirlər çərçivəsində regional bölmələr yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə tədbirin icrasını təmin edəcək.
Heyvan bazarlarının sahibləri bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini həyata keçirəcəklər. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Qida Təhlükəsizliyi Agentliyi qeyd edib ki, bu məhdudiyyət yalnız heyvan bazarlarına aid olacaq və ət satışına təsir etməyəcək. Heyvan kəsimi məntəqələri əvvəlki rejimdə fəaliyyətini davam etdirir və ölkənin ət təminatı tam təmin olunub.
Həmçinin, ictimai iaşə müəssisələri, o cümlədən dönərxanalar əvvəlki qaydada fəaliyyət göstərəcək və burada da Agentlik tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək.