Şuşada yerləşən məşhur “İsa bulağı” restoranının müdir müavininin Xankəndidə qaldığı ev qarət olunub.
Teleqraf-ın məlumatına görə, bu ilin aprelində baş vermiş cinayət işinə Xankəndi Rayon Məhkəməsində baxılıb.
Məlum olub ki, təqsirləndirilən Nizami Cabbarov (ad-soyad şərtidir) zərərçəkmiş, “İsa bulağı” restoranının müdir müavininin evinə qanunsuz daxil olaraq, oradan 1 (bir) ədəd dəyəri 2500 manat olan “Samsung Z-Flip” markalı mobil telefon, 1 (bir) ədəd dəyəri 400 manat olan, “İphone 8” markalı mobil telefon, 1 ədəd dəyəri 750 manat olan “Apple Watch 8 Ultra” markalı qol saatı, 1 ədəd dəyəri 340 manat olan “Apple” firmasına aid “Airpods” qulaqcıq, 1 (bir) ədəd dəyəri 240 manat olan “Apple” firmasına aid “Airpods” qulaqcıq, 30 (otuz) ədəd ümumi dəyəri 150 manat olan “Marlboro” markalı siqaret, 2 ədəd ümumi dəyəri 140 manat olan “DC King” markalı ətir, 2 (iki) ədəd ümumi dəyəri 500 manat olan “Dior Savage” markalı ətir və içərisində 150 manat nağd pul olan 1 (bir) ədəd dəyəri 20 manat olan pul qabını gizli yolla talayıb.
Təqsirləndirilən şəxs ümumilikdə müdir müavininə 5190 manat maddi ziyan vurub.
Nizami Cabbarov başqa bir epozidda isə “Niva” markalı avtomobilidən oğurluq edib.
Məhkəmənin qərarına əsasən, Xankəndiyə fəhlə işləmək üçün yollanan 2001-ci il təvəllüdlü Nizami Cabbarovun azadlığı 2 il müddətinə məhdudlaşdırılıb. “İsa bulağı” restoranının müdir müavini oğurlanan əşyaların ona qaytardığı üçün təsqirləndirilən şəxsdən şikayətçi olmayıb.