21 oktyabr 2025-ci il tarixində Azərkosmosun təşkilatçılığı ilə “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, elmi tədqiqatçılar və media nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində “Kosmosdan müşahidə xidmətlərinin Azərbaycanın sosial-iqtisadi inkişafına verdiyi töhfələr” adlı panel sessiyası da baş tutub. Paneldə Azersky peyki vasitəsilə əldə olunan təsvirlərin müxtəlif sahələrdə – kənd təsərrüfatı, ekologiya, şəhərsalma, müdafiə və digər sahələrdəki tətbiq imkanları, real təcrübələr və nəticələr müzakirə olunub.
Tədbirdə qeyd olunub ki, Azersky peykinin orbitə buraxılması Azərbaycanın kosmik sənayesində yeni bir dövrün başlanğıcı olub.
“2014-cü ildə orbitə buraxılan Azersky peyki ilə biz ilk dəfə olaraq Yerin məsafədən müşahidəsi sahəsində milli imkanlara sahib olduq. Bu peykimiz kənd təsərrüfatından tutmuş ekologiyaya, şəhərsalmadan təhlükəsizliyə qədər onlarla sahədə qərarların qəbuluna real töhfə verib,” – deyə Azərkosmosun İdarə Heyəti sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib.
O vurğulayıb ki, Azersky peyki orbitdə olduğu müddətdə 80,000-dən artıq peyk təsviri ilə zəngin arxiv bazası yaradılıb. Bu təsvirlər ölkədə yerin müşahidəsinə əsaslanan qərarların qəbulunda, azad edilmiş ərazilərin bərpasında, infrastruktur layihələrinin planlaşdırılmasında, torpaq ehtiyatlarının və su resurslarının qiymətləndirilməsində geniş istifadə olunub.
Peyk məlumatlarının istifadəsi yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı və sonrakı bərpa prosesində Azersky peykinin verdiyi məlumatlar kritik rol oynayıb.
Tədbirdə bildirilib ki, Azərkosmos təkcə peyk xidmətlərinin göstərilməsi ilə kifayətlənməyib, yeni nəsil mütəxəssislərin hazırlanması, elmi tədqiqatların dəstəklənməsi və kosmik təhsil infrastrukturunun qurulması sahəsində də mühüm addımlar atıb. Bu məqsədlə yaradılmış Coğrafi İnformasiya Sistemləri Mərkəzi artıq 1000-nə yaxın layihənin həyata keçirilməsinə dəstək olub. Həmin layihələr arasında ölkəmizin “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatı, ekologiya, ətraf mühit üzrə 30-a yaxın layihə də yer alır.
Çıxışda həmçinin Azersky-2 peykinin istehsalı ilə bağlı son yeniliklər də açıqlanıb. Belə ki, artıq peyk istehsalı üçün ilk addımlar atılıb, Tədqiqat və İnkişaf komandası İsraildə intensiv təlimlər alır. Peykin istehsalı üzrə Kosmik Aparatların İnkişafı Mərkəzinin dizayn və layihələndirmə işləri tamamlanıb. Yeni peykin “SpaceX” tərəfindən orbitə çıxarılması planlaşdırılır.
Azərbaycan artıq kosmik ekosistemin etibarlı üzvü kimi tanınır və beynəlxalq bazarda peyk həlləri ixrac edən ölkələr sırasındadır.
Sonda vurğulanıb ki, Azərbaycan artıq təkcə müşahidəçi deyil, yaradıcı qüvvə kimi kosmosda mövqeyini daha da gücləndirir. Kosmos artıq Azərbaycan üçün “uzaq səma” deyil, sonsuz imkanlar məkanıdır.







 
                        


