Ramil Məmmədli: “Siyasi motiv olmasaydı 10 nəfərdən çox keşiş həbs edilməzdi”
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhər meriyasının yeddi əməkdaşı Anti-Korrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıb.
Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Baş Prokurorluğunun İstintaq Komitəsinin əməkdaşları meriyanın binasına daxil olaraq meri və bir neçə yüksək vəzifəli məmuru həbs ediblər. Gümrü meri və şəhərin baş memarı ilə bağlı rüşvət faktları üzrə cinayət işləri başlanıb. Vardan Qukasyan və daha 7 nəfər rüşvət almaqda ittiham edilərək həbs edilib. Gümrü merinin həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.
Onu da qeyd edək ki, 2025-ci ilin aprelində Gümrü şəhərinin meri seçilən Vardan Qukasyan hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınır. O, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətini ölkəni “Türkiyənin vilayətinə” çevirməyə çalışmaqda ittiham edib. Qeyd edək ki, Kommunist Partiyasından namizəd kimi seçkilərə qatılan Vardan Qukasyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının namizədini məğlub etməsi Paşinyan hökuməti üçün ciddi narahatlıq yaradan siyasi siqnal kimi qarşılamışdı.
Bir sözlə, sözügedən həbslər Ermənistanda gələn ilki parlament seçkiləri ilə bağlıdırmı?
“Ermənistanda aparılan həbsləri Qərb təsisatları görməzdən gəlirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli həbslərin arxasında siyasi motivlərin də olmasını istisna etmədi: “Siyasi motiv olmasaydı 10 nəfərdən çox keşiş həbs edilməzdi. Düzdür, Ermənistanda aparılan həbslər həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Ancaq son dövrlər siyasi motivlər özünü daha çox göstərir. Bu da onunla əlaqədardır ki, seçkilər yaxınlaşdıqca revanşist qüvvələr fəallaşır və hər vasitə ilə ölkədə sabotaj yaratmağa, ictimai sabitliyi pozmağa çalışırlar. Gələn il seçkilərə qədər Rusiya yönümlü müxalifət və Kilsə siyasi təsir dairəsindən çıxarılacaq. Bir neçə yepiskopun həbsi və onların istintaqa verdiyi ifadələr II Qaregini hakimiyyət çevrilişi planında iştirakda ittiham edə bilər. Bu isə Kilsənin siyasətə qarışması faktını daha da qabardaraq, II Qaregini istefaya məcbur edəcək əsas yarada bilər. Ancaq bir sıra hallarda biz görürük ki, Ermənistandakı hakimiyyət bundan sui-istifadə edir. İş adamı Samvel Karapetyanın həbsindən sonra hakimiyyət etirazlara daha sərt reaksiya verdi. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, Ermənistanda aparılan həbsləri Qərb təsisatları görməzdən gəlirlər. Halbuki, qonşu Gürcüstana münasibətdə daha sərt tənqidlər səslənir, bəyanatlar verilir. Avropa İttifaqı vizasız gediş-gəlişi məhdudlaşdırmaqla bağlı müzakirələr aparılır. Mövzu Ermənistan olanda isə bir sıra baş verən hadisələrə göz yumulur. Ancaq hesab edirəm ki, qarşıdakı dövrdə Ermənistanda siyasi vəziyyət bir az da gərginləşə bilər. Hiss olunur ki, Rusiya orada olan bütün təsir vasitələrini hərəkətə gətirməyə çalışır. Bu baxımdan Ermənistanda siyasi qətllərin baş verəcəyi də istisna deyil”.
Vidadi ORDAHALLI